Lisey və gimnaziyalara şagird qəbuluna start verilib (FOTO)

Mayın 13-dən ölkə üzrə bir sıra lisey və gimnaziyalara
2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesinə başlanılıb.
Lisey və gimnaziyalara mərkəzləşdirilmiş qəbul imtahanında iştirak
üçün ərizə qəbulu https://sy.edu.az portalı üzərindən 9 iyun 2022-ci il
tarixinədək həyata keçiriləcək.

Təhsil Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, valideynlər qeyd edilən portal üzərindən
övladının şəxsi kabineti vasitəsilə lisey və gimnaziyalara qəbul
üzrə təqdim olunmuş 3 müxtəlif seçimdən “Mərkəzləşdirilmiş imtahana
qeydiyyat” bölməsini seçməklə ərizəni təqdim etməlidirlər.
Qeydiyyat zamanı valideynlər onlara daha yaxın və uyğun olan
imtahan mərkəzini (binasını) seçmə imkanına malikdirlər.

Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak
edəcək, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq
istədikləri lisey və ya gimnaziyaların seçimini aparacaqlar.

İmtahan zamanı şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri
ilə yanaşı, riyazi məntiq biliklərinin yoxlanılması məqsədi ilə
tapşırıqlar təqdim ediləcək.

Lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri aşağıdakı
kimidir:

• 17 iyun – V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar
üçün);

• 18 iyun – VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar
üçün);

• 19 iyun – VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar
üçün);

• 20 iyun – VIII və IX siniflərə qəbul (hazırda VII və VIII
sinifdə oxuyanlar üçün).

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və
gimnaziyaların siyahısı ilə müvafiq linkə keçid edərək tanış ola
bilərsiniz.

Lisey və gimnaziyalara şagird qəbuluna dair
təlimat

Teqlər: