“Linkedin”də uğur qazanmağın 7 asan yolu

Son dövrlərin populyar sosial şəbəkə platforması olan
Linkedinin
əslində Facebook, Twitter, Snapchat və İnstagram-dan daha uzun
müddət əvvəl istifadəyə verildiyini bilirdinizmi?
Linkedin
peşəkarların bir arada olduğu ən böyük biznes yönümlü şəbəkədir. Bu
şəbəkə 200-dən çox ölkədə 500 milyondan çox istifadəçiyə malikdir.
Linkedin-də istər iş sahibi, istər işsiz biri kimi yeni imkanlar
əldə edə bilərsiniz. Linkedin sizə profilinizi, təcrübənizi,
tövsiyələrinizi və əlaqələrinizi nümayiş etdirmək imkanı verir. İşə
götürənlər namizədlər haqqında fikir formalaşdırmaq istəyərkən
Linkedin profilinizə nəzər yetirə bilər. Yəni, hesabınız sizin
haqqınızda ilkin peşəkar təəssürat yarada, eləcə də, iş dünyasında
sizə, biznesinizə qarşı etibarlılıq yarada və nailiyyətlərinizi önə
çıxara bilər. Bu günkü bloq yazımızda sizlərə Linkedin
platformasında asanlıqla və zaman itirmədən inkişaf əldə etməyin 7
üsulundan bəhs edəcəyik.

1) Güclü təməl qurun – Linkedin profili sizin onlayn mövcudluğunuzu peşəkar
şəkildə əks etdirir. Məsələn, potensial müştəri adınızı axtarışa
verdikdə Linkedin hesabınızın həmin axtarış nəticələrində ilk
sıralarda çıxması ehtimalı yüksəkdir. Dolayısıyla, yaradacığınız
ilkin təəssürat çox vacibdir. İlkin təəssürat dedikdə profil
məlumatlarındakı ən xırda detallar belə nəzərdə tutula bilər (öz
paylaşımlarınız, başqalarının paylaşımlarına bildirdiyiniz
“reaction” və şərhlər, iştirak etdiyiniz qrup müzakirələri və s.).
Oxşar tələblər Linkedindəki “iş statusu”-nuza da aiddir. Peşəkar
görünmək istəyirsiniz? Daim iş statusunuzu yeniləməlisiniz; öz
üzərinizdə çalışıb yeni “activity”-lərinizlə hesabınızı
zənginləşdirmək olar. Xülasə, profilinizi tamamlayaraq peşəkar
imicə sahib olun, fikirlərinizi, peşəkarlığınızı nümayiş etdirən
media faylları paylaşın və müştərilərinizin digər sosial şəbəkə
hesablarınızı asanlıqla tapa bilsin deyə onların linklərini də
daxil edin. Güclü təməli olan profil yaratmağa birdəfəlik iş kimi
baxmayın – davamlı fəaliyyətdə olun.

2) “Networking” yaradarkən məntiq yürüdün. Əlaqələrinizi heç
vaxt məhdudlaşdırmayın; fərdi dəvət göndərilərsə və şəxsin peşəkar
profili (şəkil daxil olmaqla) varsa, əlaqə yaratmaqdan çəkinməyin.
Şəxsi və ya peşəkar nöqteyi-nəzərdən insanlarla əlaqə saxlamağınız
məntiqlidirsə, o zaman ağıllı şəbəkənizi qurun. Ola bilsin ki, bu
gün bütün bu bağlantılara ehtiyacınız olmaya bilər, bəs 5 il sonra?
Sonradan sağlam təməlin qoyulması üçün şəbəkənizə indidən
investisiya qoyun. Müxtəlif sahədən olan insanlarla yaradılmış
əlaqələr sizə nə vaxtsa hər cür qapıları aça və heç vaxt təsəvvür
etmədiyiniz imkanları yarada bilər.

3) Davamlı olaraq hesabınıza zaman ayırın və dəyər verin – yeni
müştəriləri biznesinizə yönləndirməyin ən dəqiq yoludur desək,
yanılmarıq. Linkedin-də fərqlənmək və yaddaqalan olmaq
istəyirsinizsə, davamlı olaraq aktiv olmalısınız. Dəyər vermək o
deməkdir ki, siz bağlantılarınızla daim ən yaxşı və ən uyğun
məzmunu paylaşırsınız. Bağlantılarınızı motivasiya edəcək,
ruhlandıracaq, problemlərini həll etməyə, daha yaxşı hiss etməyə və
ya həyatlarında daha çox şey əldə etməyə kömək edə biləcək
məzmunlar paylaşın. Ümumi mövzularla yanaşı, zaman-zaman məhz öz
sahənizlə də bağlı məzmunu paylaşmaq vacibdir. Beləliklə, özünüzü
sahənizdə peşəkar kimi təqdim edə biləcəksiniz. Əgər həqiqətən bir
mütəxəssis kimi görünmək istəyirsinizsə,
öz fikirlərinizi dərc etməlisiniz. Çünki günün sonunda, Linkedin-də
marketoloq yox, marketinq üzrə influencer kimi tanınmaq daha vacib
rol oynayır. Siz daim aktiv olmaqla və keyfiyyətli məzmun
paylaşmaqla bağlantılarınıza şəxsi və ya peşəkar həyatlarında
növbəti səviyyəyə qalxmalarına kömək edəcəksiniz.

4) Yeri gəldikdə başqalarını önə çəkin, reklam edin.
Bağlantılarınıza kömək etmək onları və bizneslərini inkişaf
etdirməyin sürətli yoludur. Problem ondadır ki, insanların çoxu
şəbəkələşmənin bu aspektinə diqqət yetirmirlər, çünki onlar öz
məhsullarını satmağla məşğuldurlar. Kontaktlarınızı tanıtmaqla,
yeni tanışlıqlar və tövsiyələr vasitəsilə müvafiq formada onları
birləşdirin. Buna şəbəkənizi təhlil etməklə başlaya bilərsiniz –
şəbəkənizdə qarşılıqlı fayda əldə edə biləcək insanları müəyyən edə
bilərsiniz. Yaxud bağlantılarınızla görüşlər və ya kiçik qrup
tədbirləri təşkil edin. İnsanları bir araya gətirmək çox
əhəmiyyətli bacarıqdır və sizi “influencer” kimi mövqeləndirir.
Həmçinin, əlaqələrinizi ictimaiyyət qarşısında tanıdın, yaxşı
mənada qiymətləndirin və bağlantılarınızın nailiyyətlərini daim
dəyərləndirin. Bu cür fəaliyyətlər başqaları üçün çox böyük önəm
kəsb edir və nəticədə, siz bu prosesdə özünüz üçün də biznes
uğurlarına nail olacaqsınız.

5) Linkedin
üzvləriylə münasibətdən çəkinməyin. Bu, Linkedində uğurlu olmaq
üçün ən vacib ipucudur. Əgər siz bu sosial şəbəkədə introvert
birisi olaraq mövcud olacaqsınızsa, yuxarıda sadalanan
məsləhətlərin heç biri yararlı olmayacaq. Şəbəkənizdə lazımi
insanlarla daha dərin əlaqələr qursanız, təsir gücünüzün artacağına
şahid olacaqsız. Uğur əldə etmək liderlik, güvən, bəyənilmə və
təsir yaratmaq kimi bir çox meyarlar əsasında yaranır. Linkedində
əlaqə yaratmağa çalışın. Şəbəkə üzvlərinizlə dialoqa başlaya
biləcəyiniz sualları və paylaşa biləcəyiniz şərhləri düşünün.
Söhbətlərə başlamaq başqalarını işə cəlb etməyə təşviq edir ki, bu
da şəbəkənizi əvvəllər heç görmədiyiniz və ya görüşmədiyiniz
insanlarla genişləndirmək üçün qapı açır.


6) Linkedin alqoritmindən bəhrələnin – Linkedinə daxil olduğunuz
zaman bəzi yazıları dərhal görürsünüz, digərləri isə bəzən başqa
məzmunların arasında gözdən qaçır. Məzmununuzun başqaları
tərəfindən görülməsindən əmin olun. Bunun üçün Linkedin
alqoritminin necə işlədiyini bilmək kifayətdir. Linkedin alqoritmi
3 fərqli filtrlə işləyir:

  • Keyfiyyət – paylaşılan məzmun spam olmamalıdır. Əks halda,
    Linkedin botları, dərhal məzmununuzu siləcək!
  • Qarşılıqlı təsir(interaction) – aktivliyiniz postunuzun əldə
    etdiyi bəyənmələr, şərhlər və paylaşımlara əsasən ölçülür. Siz
    hətta bir neçə sözdən ibarət mem (qısa mətn)
    paylaşa bilərsiniz! Vacib olan bağlantılarınızın üzündə gülüş
    yaratmaqdır.
  • Etimad – Linkedin yaxşı məzmun yazan insanları bəyənir.
    Əgər yeni başlayırsınızsa, davamlı olaraq yaxşı yazılar yazmaq
    zaman keçdikcə etimad qazandıracaq.

Bonus: Nə qədər çox postunuz olsa, Linkedin sizi bir o qədər önə çıxaracaq. İlk başlarda
kifayət qədər yüksək “engagement” əldə etməyə bilərsiniz. Ancaq
daha çox paylaşımınız olarsa, məzmun daha yaxşı sıralanar və
istifadəçilərin qarşısına daha çox çıxar.

7) Keyfiyyətli postlar hazırlayın – Linkedin yazıları uzun bir
kitab deyil kimi deyil, qısa bir xülasə formasında olmalıdır.
Linkedin-də məzmun oyununundan qalib çıxmaq istəyirsənsə:

  • Qısa və pozitiv yazılar yazın.
  • Diqqət çəkmək istəyirsinizsə, şəkil əvəzinə video kontentdən
    yararlanın.
  • Video sevmirsinizsə, sırf mətn kontentlərinə üstünlük
    verin.
  • Sual-cavablar təşkil edin.

Məzmununuza daha çox trafik əldə etmək istəyirsinizsə, hamının
yatdığı gecə yarısı saatlarında paylaşım etməyin. Gecələr məzmun
yazmağı xoşlayırsansa, səhərə saxlayın! İdeal olaraq, insanların
işlədiyi saatları – səhər 9-dan axşam 5-ə kimi olan vaxt aralığını
seçin.

Nəticə olaraq bunu demək olar ki, Linkedin hesabı yaratmaq hələ yolun başlanğıcıdır, və
bu yolda uğurlu olmaq üçün sadalanmış məsləhətləri gözdən
keçirməkdə fayda var. Linkedini CV-nizi yaxud işinizi virtual
şəkildə nümayiş etdirmək üçün bir yer olaraq düşünə bilərsiniz,
lakin bu şəbəkə bundan daha çox məna kəsb edir. Profil
məlumatlarını doldurmaq təkcə sizi axtaran insanlara kömək etmir,
həm də Linkedin-in profilinizi axtarış nəticələrində göstərmə
ehtimalını artırır. Unutmayın ki, Linkedin hər zaman “tam və təbii”
profillərə üstünlük verir.

Teqlər: