Levon “ərazi bütövlüyü” təkzibi ilə özünü dolaşdırdı

Levon “ərazi bütövlüyü” təkzibi ilə özünü dolaşdırdı

Ermənistanın müxalifət təmsilçiləri Baş nazir Nikol Paşinyanı sərt şəkildə tənqid edərkən, irəli sürdükləri arqumentlərlə özlərini dolaşdırırlar.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

Şahinoğlu bildirib ki, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın lideri olduğu Ermənistan Milli Konqres Partiyasının sədr müavini Levon Zurabyan Paşinyanı 1991-ci il Almatı bəyannaməsi ilə manipulyasiyada ittiham edib:

“Zurabyan bildirib: “Paşinyan iddia edir ki, Levon Ter-Petrosyan 1991-ci ildə Almatı bəyannaməsinə imza atmaqla Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Paşinyan Levon Ter-Petrosyanın həmin illərdə verdiyi müsahibəsinə istinad edərək birinci prezidentin Dağlıq Qarabağa Azərbaycan tərkibində geniş muxtariyyətə razılaşdığını bildirib. Bunlar yalandır. Levon Ter-Petrosyan ərazi bütövlüklərinin keçmiş muxtariyyətlərə dəxli olmadan bəyanatı imzalayıb”.

Zurabyan yalan danışdığını sonrakı cümləsində etiraf edib: “Levon Ter-Petrosyan 1992-ci ildə Rusiyanın “Komsomolskaya qazeta” nəşrinə verdiyi müsahibədə yüksək muxtariyyətin Dağlıq Qarabağa və Azərbaycana faydalı olduğunu bildirmişdi. Ancaq bu müsahibədən 2 ay sonra “erməni ordusu” Şuşanı “azad” etdi. Bu əməliyyat Ermənistan hakimiyyəti ilə razılaşdırılmışdı. Levon Ter-Petrosyan müsahibəsiylə əməliyyatın informasiya dəstəyini gücləndirmişdi”.

Zurabyan bu açıqlamasıyla Baş nazir Nikol Paşinyanı deyil, öz lideri Levon Ter-Petrosyanı zərbə altına qoyur. Çünki Levon Ter-Petrosyan Şuşanın işğalından iki ay əvvəl hansı məntiqlə Azərbaycanın ərazi bütövlüyünü tanımaqla separatçılara informasiya dəstəyi verib? İkincisi, Şuşanın işğalından bir gün əvvəl Levon Ter-Petrosyan hansı məntiqlə Qarabağ münaqişəsinin nizamlanmasıyla bağlı Tehranda Azərbaycanla sazişə imza atıb? Zurabyanın məntiqiylə çıxış etsək, Levon Ter-Petrosyan Tehrandakı sazişi də Şuşanın işğalından “diqqəti yayındırmaq” üçün imzalamışdı. Əslində separatçılar Levon Ter-Petrosyanla deyil, Rusiyadakı mərkəzlərin təlimatıyla hərəkət edirdilər. Əks halda həmin separatçılar Levon Ter-Petrosyanı devirib Ermənistana da nəzarəti ələ keçirməzdilər”.

Teqlər: