İsmayıllı-Lahıc avtomobil yolunun sağ hissəsində yerləşən,
hündürlüyü təqribən 100 metrə yaxın qayada uçqun baş verib.
Hadisə il bağlı Trend-ə açıqlama verən Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli
Əliyev bildirib ki, uçqun hal-hazırda səngiyib.
“Asılı qaya parçalarının yola düşmə ehtimalı azdır. Bu uçqun
prosesidir. Yolun sağ tərəfində sürüşmə ehtimalı yoxdur. Təbii ki,
qayanın özü yağış, külək və s. səbəblərdən destruksiyaya uğrayır.
Buna görə də qayada parçalanma gedir. Klastik parçalanmadan sonra
aslı iri qaya parçaları öz dayanıqlığını itirir və uçmayla
nəticələnir. Həmin ərazi üçün uçqunların olması klassik davamlı
uçma kateqoriyasına daxildir. Bu ərazidə əvvəllər də uçqun prosesi
baş verib. Son ayda iki dəfə bu ərazidə uçqunun olmasının
səbəblərindən biri də yağıntının çox olmasıdır. Həmin yamacın
hamarlanıb bitməsinə qədər uçqun proseslərinin olması ehtimalı
var”, – deyə Xidmət rəisi bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil
yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya
parçaları tökülərək yolu bağlamışdı. Artıq yol qaya parçalarından
təmizlənib və hərəkət bərpa edilib.