Laçın – yeganə yol deyil: ermənilər bu yollardan istifadə etsin!

Laçın – yeganə yol deyil: ermənilər bu yollardan istifadə etsin!

Ermənistan qazın kəsilməsi ilə əhaliyə işgəncə vermək bahasına təbliğat qurmağa çalışırdı.

Bu sözləri AzerTimes-a son günlər Ermənistan rəsmiləri və diasporunun Xankəndidəki vəziyyəti “humanitar fəlakət” kimi dünyaya təqdim etməsi cəhdləri haqda danışan politoloq Fərhad Məmmədov deyib.

“Azərbaycan tərəfi qazın kəsilmədiyini bildirirdi. Ancaq ermənilər özləri ötən gün səhər qaz təminatının bərpa edildiyini açıqladılar. Belə çıxır ki, bir neçə gün ərzində onlar yalan danışırdı.

Digər tərəfdən, ermənilər “humanitar fəlakətin” miqyasını “genişləndirmək” üçün erməni icmasının sayı ilə manipulyasiya edirlər. Azərbaycan orada 25 min, ermənilər isə “35 minə yaxın” erməni əhalinin olduğunu bildirirdi. Baş separatçı Araik Arutyunyan bunu ötən il elan etmişdi. Nədənsə Rusiya sülhməramlıları tərəfindən yol bağlanandan sonra ermənilər bu rəqəmi 120 minə qaldırdı. Əlbəttə, məlumatları şişirtmək ermənilərə xas xüsusiyyətdir. Azərbaycan da buna cavab verməlidir, ən doğrusu isə siyahıyaalınmadır”, – o bildirib.

Politoloq qeyd edib ki, Rusiya sülhməramlılarının təhlükəsizliyi əsas gətirərək, Laçın yolunu bağlamasını Ermənistanın “humanitar fəlakət” kimi qələmə verməsi də saxtakarlıqdır:

“Laçın – Xankəndi istiqamətinə gedən yeganə yol deyil. O istiqamətə Ağdam, Füzuli, Kəlbəcərdən yol var. Sadəcə olaraq yerli ermənilər o yollardan istifadə etmək üçün Azərbaycan tərəfinə müraciət etməlidir. Özləri də bilir ki, əhalinin o yollardan istifadə etməsində problem yoxdur. Sadəcə, o yollardan silah daşınması, Azərbaycan sərvətlərinin talan olunması, iranlı terrorçuların Xankəndiyə gəlməsi mümkün deyil”.

Teqlər: