Kürdə duzlu su artıq dənizə doğru hərəkət edir – Rafiq Verdiyev

Mart ayının ikinci ongünlüyündə düşən intensiv yağışlar
nəticəsində ölkənin bir çox bölgəsində çaylarda sululuğun artması
müşahidə olunub. Bu xüsusilə Kürün aşağı axınında çayların
sululuğun yüksəlməsinə və suyun səviyyəsinin, su sərfinin artmasına
şərait yaradıb.

Bu sözləri AzerTimes-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi
yanında Milli Hidromotologiya xidmətinin rəis müavini Rafiq
Verdiyev bildirib.

Onun sözlərinə görə, martın əvvəllərində Kürdə su sərfi 30
kubmetr saniyədən aşağı idisə, indi artıq su sərfi 100 kubmetr
saniyədir: “Bu da çayda yaranmış duzluluqla bağlı problemin xeyli
azalmasına səbəb olub. Martın birinci yarısında güclü küləklər və
dənizdə olan dalğalanmalar nəticəsində duzlu suların Kür boyu
hərəkət edərək Salyan şəhəri və hətta ondan yuxarıda duzluluğun
0,6-0,7 qram litrdən daha yüksək olmasına səbəb olub. Hətta
Salyandan aşağıda 7-8 qrama qədər yüksəlməsinə gətirib çıxarıb.
İndi isə yağıntıların artması bu prosesin azalmasına səbəb olub.
Kürdə suyun artması nəticəsində çayın sürəti də artmış və duzlu
sular artıq geri – dənizə doğru hərəkət etməklə çayda suyun
duzluluğu xeyli azalıb. Demək olar ki, Kürün aşağı hissəsində
duzluluq 1 qram litr səviyyəsindədir ki, bu da su təchizatında
yaranan problemin aradan qaldırılmasında yaxşı şərait yaradıb.
Yaxın aylarda əlbəttə ki, düşən yağışlar nəticəsində çaylarda bu
problem üçün o qədər də zəmin yaratmayacaq. Ancaq iyul-avqust
aylarında çaylarda suyun azalması nəticəsində problem yenidən
təkrar oluna bilər. Odur ki, buna hazırlıqlı olmalıyıq, sudan
qənaətə geniş yer verilməli və itkilərin qarşısı alınmalıdır. Kür
çayının aşağı axınında çaydan götürülən suyun miqdarı kifayət qədər
az olsun ki, bu kimi problemlər daha da kəskinləşməsin”.

Teqlər: