Kür ətrafının sakinləri içməli su qıtlığından əziyyət çəkə bilər

Xəbər - Humay Ağacanova – Trend:

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun
Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin əməkdaşları
– coğrafiya üzrə fəlsəfə doktorları Səidə Zeynalova, Gülnar
Hacıyeva və elmi işçi Emil Cəbrayılov şöbə müdiri, c.ü.f.d., dosent
Mirnuh İsmayılovun rəhbərliyi ilə 4 gün müddətində ezamiyyətdə
olublar.

Trend xəbər verir ki, məqsəd Kür çayının aşağı
axınında çay və ətraf ərazilərdəki təbii-antropogen ekosistemlərdə
baş verən dinamiki dəyişmələri öyrənmək olub. Əraziyə səfər edən
tədqiqatçılar çayın aşağı axınında baş verən suyun azalması
prosesinin bilavasitə Kür çayı hövzəsində intensivləşən təbii və
antropogen təsirlərlə bağlı olduğunu müəyyən ediblər.

Alimlər bildiriblər ki, iqlim dəyişmələri və Xəzər dənizinin
səviyyə tərəddüdləri çay və çayətrafı ekositemlərə ciddi təsir
göstərir. Hava temperaturunun ölkə ərazisində 0,8-13 dərəcə artması
və yağıntıların azalması suya olan tələbatı çoxaldıb ki, bu da Kür
çayı hövzəsindəki çaylardan daha çox su götürülməsinə və onlarda
suyun azalmasına, bəzən isə qurumasına gətirib çıxarıb.

Dənizin səviyyəsinin 1978-ci ildən 1995-ci ilə kimi 2,5 m-dən
çox qalxması dəniz sularının çayın aşağı axınında çay yatağına
dolmasına səbəb olub. Bu zaman duzlu dəniz suyu ağır olduğundan çay
yatağının dibi ilə yuxarıya doğru irəliləyib.

Müşahidələr göstərir ki, çay yatağının indiki vəziyyəti 1,5 il
əvvəlki dövrlə müqayisədə 2 dəfəyə qədər kiçilib. Yatağın quruyan
hissələrində artıq davamlı yulğun-liğvər kolluqları əmələ
gəlib.

Kür çayında suyun azalmasında başlıca faktorlardan biri də çay
hövzəsində aparılan düşünülməmiş, elmi cəhətdən əsaslandırılmamış,
ekoloji cəhətdən tədqiq edilməmiş antropogen təsirlərdir. Bunlara
aşağıdakılar aiddir:

1. Lazımsız ərazilərdə yeni suvarılan torpaqların istifadəyə
verilməsi ilə köhnə suvarılan sahələrin susuz qalması;


2. Kür çayının deltasında balıq yetişdirmək üçün geniş
imkanların olmasına baxmayaraq Kür-Araz ovalığının daxili
hissələrində suvarılan əkinaltı və otlaq sahələrdə süni balıq
gölməçələrinin yaradılması;

3. Kürün qolları üzərində kütləvi şəkildə su anbarlarının
tikilməsi ilə çayın aşağı axınında suyun azalması;

4. Qum-çınqıl karxanalarında çay yatağına müdaxilə ilə asılı
gətirmələrin təbii dinamiki vəziyyətinin pozulması;

5. Antropogen təsirlərlə Kür hövzəsi çaylarında dib eroziyasının
artması nəticəsində çay yatağında hidrogeomorfoloji şəraitin kəskin
dəyişməsi;

6. Çay suyundan özbaşına su götürülmələri və s.

Bütün bu səbəblər yaxın illərdə vəziyyətin düzələcəyini vəd
etmir. 2022-ci ilin isti dövründə yarana biləcək su çatışmazlığına
qarşı indidən ciddi tədbirlər görülməlidir. Əks təqdirdə, Kür
ətrafının sakinləri içməli su qıtlığından yenə də əziyyət
çəkəcəklər.

Teqlər: