Xəbər - Fərid Zöhrabov – Trend:
Azərbaycanın ən böyük çayı olan və ölkənin əsas su mənbəyi
sayılan Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində
suyun səviyyəsinin ciddi şəkildə azalması müşahidə olunur.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev
Trend-ə bildirib
ki, Kür çayında hidroloji monitorinqlər aparılır, gündəlik suyun
səviyyəsi, su sərfi ölçülür.
O bildirib ki, 2022-ci ildə aparılan monitorinqlərin
nəticələrinə əsasən, fevral ayında Kür çayının aşağı axınında suyun
səviyyəsi enib, Surra hidroloji məntəqəsində 59 sm, Şirvanda 56 sm,
Salyanda 121 sm, Bankədə isə 19 sm azalıb: “Mövsümə görə ölkə
ərazisindəki çaylarda azsulu dövr müşahidə olunur. Dağlıq ərazilərə
yağıntının qar şəklində yağması nəticəsində bu dövrdə çaylarda
sululuq azalır”.
A.Verdiyev bildirib ki, Kür çayında suyun kəskin azalmasına
təsir edən amillərdən ən əsası iqlim dəyişikliyidir.
“Azərbaycanda, əsasən, aprel ayından başlayaraq iyun ayınadək
havanın temperaturunun artması, dağlıq ərazilərdə qarın tədricən
əriməsi və yağan yağışlar nəticəsində çaylarda sululuğun artması
müşahidə olunur. Həmin dövrdə çaylarda gözlənilən sululuğun
proqnozlaşdırılması məqsədilə mart ayının ilk günlərindən
başlayaraq Böyük və Kiçik Qafqazın, o cümlədən Şərqi Zəngəzur və
Qarabağ iqtisadi rayonlarının dağlıq ərazilərinə 5 qrupdan ibarət
ekspedisiya təşkil olunaraq 31 marşrut üzrə qarölçmə işləri yerinə
yetiriləcək”.
Baş hidroloq bildirib ki, artıq Kür çayının Ağstafa hissəsində
suyun artması müşahidə edilir.