Kür çayı üzərində yerləşən körpüdə təmir-bərpa işlərinə başlanılıb (FOTO)

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində
dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyi tərəfindən küçə və prospektlərdə,
avtomobil yollarında kompleks tədbirlər icra olunmaqdadır.

Agentlikdən AzerTimes-a verilən məlumata görə, bu çərçivədə
Sabirabad rayonu, Surra-Padar avtomobil yolunun 1-ci km-də yerləşən
avtomobil körpüsündə təmir-bərpa işlərinə başlanılıb.

Sözügedən rayonun Surra kəndi ərazisində Kür çayı üzərində
yerləşən və uzunluğu 267 metr olan körpünün hərəkət hissəsində
beton plitələrdə uzun müddət istismar nəticəsində çatlar və
dağılmalar əmələ gəldiyindən avtonəqliyyat vasitələrinin hərəkətinə
maneə və təhlükə yaradırdı.

Bu səbəbdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
tərəfindən körpünün təmiri üçün əraziyə təxirə salınmadan işçi
briqadası cəlb edilərək problemin aradan qaldırılması istiqamətində
işlərə başlanılıb.


Hava şəraitinin əlverişli olacağı təqdirdə yaxın 15-20 gün
ərzində işlər tamamlanaraq, körpü yenidən sürücülərin ixtiyarına
veriləcək.

Təmir-bərpa işlərinin davam edəcəyi müddət ərzində isə sözügedən
ərazidə avtonəqliyyat vasitələrinin hərəkətinin təmin olunması
məqsədi ilə müvəqqəti alternativ keçid yol salınıb.

Bundan başqa körpüdən istifadə edərək Sabirabad rayonunun
kəndlərinə getmək istəyən və yaxud kəndlərdən rayon mərkəzinə
gəlmək istəyən vətəndaşlar təmir müddəti ərzində rayonun Cavad
kəndi ərazisindən, Bakı-Qazax magistralı boyunca yerləşən rayonlara
getmək üçün isə Saatlı-İmişli-Kürdəmir avtomobil yolundan
alternativ olaraq istifadə edə bilərlər.

Teqlər: