Külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq baş həkimə 10 il 6 ay cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən
23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rəsul
Baxşəliyev, onun müavini Zinyət İsmayılova, Afət İbrahimova və Əli
Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Baxşəliyev 10 il 6 ay, onun müavini Z.
İsmayılova isə 5 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, iş üzrə təqsirləndirilən Afət İbrahimova və Əli
Əliyev 2 il müddətinə şərti azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, 23 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş
həkiminin iqtisadi məsələlər üzrə müavini Zinyət İsmayılovanın
qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
cinayət işi başlanılıb.

Aparılan istintaq-əməliyyat tədbirləri ilə Zinyət İsmayılovanın
13 aprel 2021-ci il tarixədək xəstəxananın baş həkimi vəzifəsində
işləmiş Rəsul Baxşəliyevlə cinayətkar əlaqəyə girərək 2015-ci ildən
etibarən xəstəxanada ayrı-ayrı vəzifələrdə işləmiş tibb işçilərinin
əmək stajının hesablanması yolu ilə işə gəlməmələrinə şərait
yaradılması müqabilində sonuncuların əmək haqqı kartlarını özündə
saxlamaqla, kart hesablarına mədaxil olunan ümumilikdə 314 min 400
manat məbləğində pul vəsaitini hər ay nağdlaşdıraraq öz aralarında
bölmələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı vurulan maddi ziyanın 112 min manat hissəsinin
dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Teqlər: