Krım partlayışı: niyə azərbaycanlı? O, niyə gecikib?

Krım partlayışı: niyə azərbaycanlı? O, niyə gecikib?

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Prezident Vladimir Putinə (Bastrıkinlə Putin qrup yoldaşı olublar) Krım körpüsündəki hadisənin terror aktı olduğu barədə məruzə edib. Bastrıkinin sözlərinə görə, Ukraynanın xüsusi xidmət orqanlarının hazırladığı terror aktına Rusiya və digər dövlətlərin vətəndaşları cəlb olunub. İstintaq Komitəsinin rəhbəri yük maşınının marşrutunu belə açıqlayıb: Bolqarıstan, Gürcüstan, Ermənistan, Şimali Osetiya və Krasnodar diyarı. Halbuki o saatadək furanın ölkə xaricində olması barədə heç nə deyilmirdi.

AzerTimes xəbər verir ki, bu barədə “Musavat.com”un müəllifi Nazim Sabiroğlunun məqaləsində bildirilib.

Müəllif qeyd edib ki, Krım körpüsündə baş verənin adı mənə görə də terror aktıdır, amma məsələn, latviyalı nazir üçün təbrik səbəbidir, o cümlədən digər müharibə qırğıları və qarğaları üçün də:

“Amma bizim üçün üzücü olduğu qədər müəmmalı olan bu olayda azərbaycanlının adının hallanmasıdır.

Bu terror aktını planlaşdıranlar niyə bomba dolu yükü ehtiyat hissələr adı altında Mahir Yusubovun furasına yükləyiblər? Axı məlum idi ki, bütün dünyanın bir nömrəli xəbərinə çevriləcək bu aktın arxasında kimin dayanmasından əlavə, kimin əli ilə (köməyi ilə) törədildiyi də əsas müzakirə mövzusu olacaq. Niyə o regionda ən müxtəlif millətlər içərisindən azərbaycanlı seçilib? Bizim millət olaraq terrorla nə bağlılığımız ola bilər, üstəlik iki başqa dövlətin savaşında? Bu, düşündürücü və müəmmalıdır”.

Müəllif Mahir Yusufovun həmin şirkətdən sifarişi hadisədən bir gün əvvəl (oktyabrın 6-da) aldığını (bundan əvvəl o şirkətlə işləməyib), sənədləşmə aparıldığını qeyd edib:

“7-21 ton ağırlığında yük Armavirdən Simferopla çatdırılmalı, bunun müqabilində isə sürücüyə 48 min rubl ödənilməli idi. Üzə çıxan sənədlər belə deyir. Həmin şirkətdən mediaya açıqlamada isə bildirilib ki, onların terrorla heç bir əlaqəsi yoxdur, istintaqla əməkdaşlıq edirlər. Yəni bomba onlarda yüklənməyib. Bastrıkinin dedikləri də bu cinayətin gedişatını dəyişir, ipin ucunu lap dolaşdırır. Məlum olmur ki, furanı Mahir Yusubov xaricdən sürüb gəlib, yoxsa burada kimdənsə təhvil alıb?

Gürcüstan azərbaycanlısı olduğu deyilən, son illər Kazanda yaşamış Yusubovun haqqında Rusiya mediasında son iki gündə onlarla yazı dərc olunub, amma onun terrorçu ola biləcəyi haqda ən xəfif belə ehtimal yoxdur. Dostları, tanıyanlar deyiblər ki, Mahirin, məsələn, radikal dindarlarla heç bir əlaqəsi olmayıb, Azərbaycanın yerli diasporu ilə əlaqə saxlayıb.

Mahir Yusubovun furasının oktyabrın 7-də axşam (Putinin 70 yaşı tamam olan gün) Krım körpüsündən keçəcəyini düşünüblər. Amma sürücü Krım körpüsünə bir neçə kilometr qalmış maşını özünün dincəlməsi üçün saxlayıb. Bu barədə o, sonuncu dəfə ailəsi ilə telefon danışığında deyib. 8 oktyabr səhər hava işıqlaşmamış yola çıxıb və dizel yüklü yük qatarının yanından keçdiyi vaxt avtomobil partlayıb, ya da uzaqdan idarəetmə ilə partladılıb. Furanın önündə başqa bir minik avtomobili də olub, bəzi versiyalara görə, fura yox, əvvəl o partlayıb…

Krım körpüsündə partlayış Rusiya hüquq-mühafizə sistemində ciddi boşluqlar olduğunu göstərdi. Qərb analitiklərinin bu hadisə ilə bağlı bir versiyası da diqqət çəkir. Onlar bildiriblər ki, bu akt Rusiya FTX-si ilə Müdafiə Nazirliyi rəhbərliyi arasında çəkişmənin nəticəsi də ola bilər. Ağlabatan versiyadır. Çünki bu partlayışdan sonra Krım körpüsünün mühafizəsi də daxil olmaqla, FSB-nin səlahiyyətlərinə verildi.

Bir sözlə, hadisə ilə bağlı müəmma çoxdur, eləcə də “niyə azərbaycanlı” sualı açıq qalır…”

Teqlər: