“Kreativ iqtisadiyyat: gələcək naminə innovasiyalar” mövzusunda vebinar keçirilib (FOTO)

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 2000-ci ildə 26 aprel –
Beynəlxalq Əqli Mülkiyyət Gününü elan etməsi bəşər cəmiyyətinin
əqli mülkiyyətə və onun yaradıcılarına hörmət hissindən irəli
gəlmişdir. Beynəlxalq Əqli Mülkiyyət Günü münasibəti ilə hər il
dünyanın əksər ölkələrində keçirilən müxtəlif formatlı tədbirlərin
əsas məqsədi əqli mülkiyyətin mədəni irsin zənginləşməsində,
davamlı iqtisadi inkişafda və informasiya cəmiyyətinin
formalaşmasındakı rolunu diqqətə çatdırmaq, əqli mülkiyyət
hüquqlarının innovasiya və yaradıcılığın təşviqində oynadığı rolu
göstərmək, yaradıcı insanların fəaliyyətini dəstəkləmək və
stimullaşdırmaq, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və
ehtiramı nümayiş etdirməkdir.

Beynəlxalq Əqli Mülkiyyət Günü ilə əlaqədar Ümumdünya Əqli
Mülkiyyət Təşkilatının dünya ictimaiyyətinə ünvanlanmış builki
müraciətində qeyd olunur ki, “Hər il aprelin 26-da biz əqli
mülkiyyət (ƏM) hüquqlarının innovasiya və yaradıcılığın inkişafında
oynadığı rol barədə danışmaq üçün Beynəlxalq Əqli Mülkiyyət Gününü
qeyd edirik. Beynəlxalq Əqli Mülkiyyət Günü – 2022 gənclərin
davamlı gələcəyə keçidi dəstəkləyən yeni və daha səmərəli həllər
tapmaq üçün böyük potensialını qeyd etməlidir.

2022-ci il Beynəlxalq Əqli Mülkiyyət Gününün mövzusu “Əqli
mülkiyyət və gənclik: Gələcək naminə inovasiyalar”dır və diqqət
mərkəzində innovasiya və gənclərin yaradıcılığı olacaqdır. Müasir
gənclər ixtiraçılıq və yaradıcılığın inanılmaz və əsasən istifadə
olunmamış mənbəyidir. Gənclərin yeni baxışları, enerjisi, marağı və
çətinlikləri dəf etməyə hazır olmaları, eləcə də daha yaxşı
gələcəyə can atmaları artıq mövcud yanaşmaları dəyişdirir və
innovasiya və dəyişikliyə stimul verir”.

Ənənəvi olaraq Beynəlxalq Əqli Mülkiyyət Günü ölkəmizdə də
təntənəli şəkildə qeyd olunur və hər il bununla əlaqədar silsilə
tədbirlər təşkil edilir. Cari ilin 26 aprel tarixində Əqli
Mülkiyyət Agentliyi və Azərbaycan Yaradıcı Sənayelər
Federasiyasının birgə təşkilatçılığı ilə “Kreativ iqtisadiyyat:
gələcək naminə innovasiyalar” mövzusunda konfrans-vebinar
keçirilib.

Tədbiri giriş sözü ilə açan Əqli Mülkiyyət Agentliyinin İdarə
Heyətinin sədri Kamran İmanov Azərbaycan xalqının irsi, o cümlədən
ənənəvi mədəni nümunələri, bilikləri, sənətkarlığının
kreativliyindən irəli gəldiyini qeyd edərək ilk növbədə cənab
Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən
siyasəti nəticəsində, xüsusən, işğaldan azad edilmiş ərazilərdə
salınan kreativliyi təcəssüm etdirən şəhərlər – Smart City, Smart
Village – cərgəsinə çoxlu mədəni mərkəzlərimizin də daxil olacağına
ümidvar olduğunu bildirib.

Agentliyin rəhbəri Azərbaycanın kreativliyinin dəstəklənməsində
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daxidmətlərinin
əvəzsiz olduğunu vurğulayaraq onun Azərbaycanın yaradıcı və
sənətkar təbəqəsinə, kreativ sinfinə olan qayğısının, mədəniyyətə,
milli mədəni dəyərlərimizə olan diqqətinin və humanitar sahədə
həyata keçirilən təşəbbüslərinin kreativ Azərbaycanın
reallaşdırılmasında böyük rəğbətlə qarşılandığını diqqətə
çatdırıb.

K.İmanov vurğulayıb ki, Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti
dövlət başçısının uğurla apardığı islahatlara xidmət etmək,
Azərbaycanın yeniləşməsinin növbəti dördüncü sənaye inqilabının
fəal iştirakçısına çevrilməsindədir. Dövlət başçısının təsdiq
etdiyi Agentliyin Nizamnaməsində “əqli mülkiyyətin müasir
iqtisadiyyatda rolunun artırılması və müəlliflik hüququna əsaslanan
iqtisadiyyatda (kreativ iqtisadiyyatda) investisiya mühitinin
yaxşılaşdırılması, əqli fəaliyyət nəticələrinin
kommersiyalaşdırılması və kreativ iqtisadiyyatın ölkənin ümumi
daxili məhsulundakı payının müəyyən edilməsi, həmçinin
texnologiyaların transferinin, innovasiyalara dəstək və
kommersiyalaşdırılma infrastrukturunun yaradılması ilə bağlı
tədbirlər görmək”dir (2.2.8-ci bənd).Üstəlik, “əqli mülkiyyət
hüquqlarına əsaslanan milli iqtisadiyyat sahələrinin iqtisadi
göstəricilərinin daimi müşahidəsini aparmaq,ümumi daxili məhsulda
əqli mülkiyyətə əsaslanan sənayenin payını daha dəqiq
dəyərləndirmək üçün müvafiq işlər görmək, əqli fəaliyyət
nəticələriilə bağlı beynəlxalq reytinqlərdə ölkəmizin reytinqinin
müşahidəsini həyata keçirmək, təhlillər aparmaq və təkliflər
hazırlamaq” (3.1.43-cü bənd) kimi müddəalar yer almışdır.

Vebinarın açılış hissəsində çıxış edən Azərbaycan Yaradıcı
Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə
yaradıcı sənayelərdə müasir biznes çağırışlarının (maliyyəyə çıxış,
vergi, gömrük, əqli mülkiyyət, milli məzmun yaradıcılığında dəstək,
bilik-bacarıqların artırılması, innovasiyalar və s.) ətraflı təhlil
edilməsi, dövlət-özəl təfədaşlığının inkişafı, bilik-bacarıqların
artırılması, effektiv sahəvi təşkilatlanma, müvəqqəti vergi
güzəştlərinin və sərfəli kredit imkanlarının yaradılması, milli
məzmun yaradıcılığı və istehsalın təşviqi, tələbin
stimullaşdırılması və s. kimi məsələlərin həll edilməsi
zəruriliyini qeyd edib.

Tədbirdə Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ
kafedrasının müdiri vəzifəsini icra edən, Ombudsman aparatının
rəhbəri Aydın Səfixanlı “Gənclərin əqli mülkiyyət sahəsində
ixtisaslaşması və onun iqtisadiyyatın inkişafına təsiri” mövzusunda
məruzə edib. O, Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq
çərçivəsində Bakı Dövlət Universitetində də əqli mülkiyyət
hüquqlarının qorunması və təmin edilməsi, bu sahədə yüksək
ixtisaslı elmi və elmi-pedaqoji kadrlara artan ehtiyacın ödənilməsi
məqsədilə davamlı işlərin görüldüyüunü bildirib, Hüquq fakültəsində
Əqli Mülkiyyət Hüququ kafedrasının yaradıldığını, peşəkar müəllim
heyyətinin formalaşdırıldığını, tələbələrin əqli mülkiyyət
sahəsində nəzəri və təcrübi biliklərinin inkişaf etdirilməsi üçün
geniş imkanların yaradıldığını vebinar iştirakşıların diqqətinə
çatdırıb.

Əqli Mülkiyyət Agentlyinin Əqli mülkiyyətin təhlili və siyasəti
şöbəsinin müdiri Rüstəm Ağayevin “Kreativ industriyanın inkişafı”
mözvusunda məruzə edərək, kreativ məhsul və xidmətlərin əsasının
müəllif hüquqlarını cəmləşdirən mülkiyyət təşkil etdiyini bildirib,
2003-cü ildən başlayaraq Müəllif Hüquqları Agentliyi daha sonra isə
Əqli Mülkiyyət Agentliyi tərəfindən ÜDM-da müəlliflik hüququ və
əlaqəli hüquqlara əsaslanan sənayelərin-kreativ industriyanın
payının araşdırıldığını və müvafiq hökumət strukturlarına
çatdırıldığını qeyd edib və Azərbaycanda ÜDM-da kreativ sənayenin
payının getdikcə artmaqda olduğunu vurğulayıb.

Müzakirələr zamanı Azərbaycanda İxracın və İnvestisiyaların
Təşviqi Fondunun İcraçı direktoru vəzifələrini icra edən Yusif
Abdullayev və AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru
Nazim İmanov da çıxış edərək müzakirə edilən məsələ ilə bağlı
fikirlərini bölüşüblər.

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran
İmanovun giriş sözü təqdim edilir.

Teqlər: