Prezident İlham Əliyev korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət
Planı təsdiq olunması ilə bağlı sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncamda deyilir:
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair
2022─2026-cı illəri əhatə edən bu çoxşaxəli Milli Fəaliyyət Planı
fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların
korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir,
eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları
və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli
şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.
Ümumi inkişafa və təhlükəsizliyə mənfi təsir göstərən korrupsiya
qanunun aliliyinə və sosial ədalətə ciddi təhlükə yaradır, iqtisadi
və sosial inkişafı ləngidir, əlverişli biznes mühitinin yaranmasına
mane olur.
Korrupsiya tarix boyu cəmiyyətlərin üzləşdiyi problemlərdən
olmuşdur və bu gün də bütün dünya ölkələrində aktual problemlərdən
biri olaraq qalmaqdadır.
Korrupsiyaya qarşı mübarizənin davamlı olması, korrupsiyanın
qarşısının alınması ilə bağlı müasir çağırışlara uyğun effektiv
mexanizmlərin tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə
də həm beynəlxalq, həm də milli səviyyədə korrupsiyaya qarşı
mübarizədə yeni təşəbbüslərin irəli sürülməsi zəruridir və bu
sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların
və korrupsiya hüquqpozmalarının səbəblərinin, növlərinin və
nəticələrinin qarşısının alınmasına yönəldilməlidir.
Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli,
kompleks və innovativ xarakteri ilə seçilir. Bu sahədə görülən
tədbirlər çərçivəsində korrupsiyaya qarşı mübarizəyə dair milli
strategiya və fəaliyyət planları qəbul edilmiş, yeni baxışlar və
vəzifələr müəyyən edilmişdir. Hazırda ölkəmizdə sosial dövlətin
yeni modeli formalaşmışdır və dövlət siyasətinin əsas məqsədi
insanların yüksək sosial rifahına nail olmaqdır.
Ölkəmizdə son illərdə əsas strateji hədəflərə çatmaq üçün
beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü,
düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf,
istərsə də hüquqi-institusional zəmin baxımından əhəmiyyətli
irəliləyişə nail olunmuşdur.
Eyni zamanda, Vətən müharibəsi nəticəsində işğal altında olan
ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi
açılmışdır. Xarici və yerli investorların həmin ərazilərdə
infrastruktur layihələrinin icrasına cəlb edilməsi, bu torpaqlarda
sahibkarlıq fəaliyyətinin genişləndirilməsi kimi dövlətin yeni
strateji prioritetləri bölgənin gələcək inkişafının carçısıdır.
Korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu
inkişafın başlıca amilləridir.
Ölkəmizin hazırkı inkişaf mərhələsi korrupsiyaya qarşı mübarizə
sahəsində görülməli olan sistem xarakterli tədbirlərin
effektivliyini və davamlılığını təmin edəcək yeni bir sənədin ─
Korrupsiyaya qarşı mübarizəyə dair yeni Milli Fəaliyyət Planının
qəbul edilməsini şərtləndirir.
Milli Fəaliyyət Planında əks etdirilmiş kompleks tədbirlərin
icrası ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata
keçirilən məqsədyönlü və qətiyyətli fəaliyyətin tərkib hissəsi
kimi, şəffaflığın artırılmasına, dövlət orqanları (qurumları)
tərəfindən göstərilən xidmətlərin keyfiyyət etibarilə
yaxşılaşdırılmasına, ictimai nəzarətin təşkilində və korrupsiyanın
ifşa edilməsində vətəndaş cəmiyyəti institutlarının rolunun
artırılmasına xidmət edir.
Dövlət sektorunda idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi,
yerli özünüidarəetmədə aşkarlığın və ictimai iştirakçılığın təmin
edilməsi, özəl sektorda beynəlxalq standartlar əsasında
antikorrupsiya standartlarının formalaşdırılması, müvafiq
istiqamətlərdə qanunverici bazanın mütərəqqi beynəlxalq təcrübə
əsasında təkmilləşdirilməsi korrupsiyaya qarşı mübarizə sahəsində
qarşıya qoyulmuş əsas prioritet istiqamətlər və məqsədlərdir.
Milli Fəaliyyət Planı çərçivəsində həyata keçiriləcək
tədbirlərin müvafiq icraçı qurumlar üçün dövlət büdcəsində nəzərdə
tutulmuş vəsaitlər və qanunla qadağan olunmayan digər mənbələr
hesabına maliyyələşdirilməsi nəzərdə tutulur”.