Korrupsiya ilə bağlı əməliyyatlar nəticəsində 71 şəxs cinayət başında yaxalanıb

Xəbər - Elçin Mehdiyev – Trend:

Korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarına inamın artmasının nəticəsi olaraq ötən ilin peşə bayramından hazırkı dövrədək olan müddətdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları tərəfindən həyata keçirilən 34 əməliyyat tədbiri nəticəsində 71 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 115 cinayət işi başlanıb.

AzerTimes-ın məlumatına görə, bunu Baş prokuror Kamran Əliyev “Azərbaycan” qəzetində cümə günü dərc edilən məqaləsində deyib.

K.Əliyev bildirib ki, qeyd edilən dövrdə baş idarə tərəfindən 404 şəxs barəsində 221 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib, 11 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə məhkəməyədək icraat aparılaraq, hüquqi şəxslər və onun rəhbərləri məhkəmə məsuliyyətinə verilib.

Məhkəmələrə göndərilmiş işlər üzrə vurulmuş maddi ziyan 153 milyon 887 min manat təşkil etməklə ibtidai istintaq dövründə 11 milyon 301 min manatın ödənilməsi, həmçinin 77 milyon 715 min manat məbləğində əmlak üzərinə həbs qoyulmaqla ümumilikdə 89 milyon 16 min manat (57,8%) məbləğində ziyanın bərpası təmin olunub.

Bundan başqa, icraatına xitam verilmiş işlər üzrə 4 milyon 587 min manat məbləğində maddi ziyan ödənilməklə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 1 milyon 62 min manat məbləğində pul vəsaiti ödənilib.

Twitter: @ElchinMehdiyev

Teqlər: