Koronavirusun yeni ştammı Şanxayda ciddi fəsadlara yol açıb

Koronavirusun (COVID-19) yeni ştammı Çinin Şanxay şəhərində
həyatı iflic vəziyyətə gətirib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, şəhərdə qida
məhsulları və dərman qıtlığı yaranıb. Yeni ştammla bağlı tətbiq
edilən qapanma həm də ölkə iqtisadiyyatına və bütün qlobal təchizat
zəncirinə ağır zərbə vurub. Hazırda dünyanın ən böyük limanı olan
Şanxay limanında yanacaq da daxil olmaqla milyardlarla dollar
dəyərində yük qalıb.

Bununla belə, karantin rejimi yoluxmaların sayına ciddi təsir
göstərə bilmir. Sutka ərzində onminlərlə yeni yoluxma halları aşkar
edilir. Şəhər küçələrində hərbçilər patrul çəkir. İctimai
nəqliyyatın fəaliyyəti dayandırılıb, müəssisələr bağlanıb. Sakinlər
evlərini tərk etmək üçün COVİD-testi verməlidirlər.

Yerli həkimlərə ölkənin bütün bölgələrindən ezam olunmuş 10 min
tibb işçisi köməklik edir. Əksəriyyəti simptomsuz olan xəstələr
stadionlarda yerləşdirilir. Uzun müddətdir ki, xəstəxanalarda
çarpayı yoxdur. Xəstələrlə təmasda olanlar məcburi qaydada özlərini
təcrid etməlidirlər.

Ekspertlərin fikrincə, Şanxayda tətbiq edilən qapanma iki həftə
ərzində Çin iqtisadiyyatına təxminən 30 milyard dollara başa
gələcək.