Koronavirusa qarşı tədbirlər karantin rejiminin getdikcə yumşaldılmasına şərait yaradıb – Ombudsman

Xəbər - Elçin Mehdiyev – Trend:

Bütün dünyanı bürüyən, ölkəmizdə də yayılan koronavirus
(COVID-19) pandemiyası şəraitində Azərbaycan Prezidenti İlham
Əliyevin tapşırıqlarına müvafiq olaraq, əhalinin sağlamlığının
qorunması, sosial-iqtisadi problemlərinin həlli üzrə yeni
yanaşmalar müəyyən edilərək tətbiq olunub.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Ombudsmanı Səbinə
Əliyeva Milli Məclisin bu gün keçirilən iclasında Ombudsmanın illik
məruzəsini təqdim edən zaman deyib.

O qeyd edib ki, pandemiyaya qarşı mübarizə çərçivəsində ictimai
səhiyyə, habelə iqtisadi və sosial sahələrdə görülmüş cavab
tədbirləri, müalicə və vaksinasiyanın hər kəsə əlçatan olması
infeksiyanın yayılmasının qarşısının mümkün qədər alınmasına imkan
verib.

“Koronavirus pandemiyası ilə əlaqədar epidemioloji vəziyyətin
nəzarətdə saxlanılması, qabaqlayıcı profilaktik tədbirlərin
vaxtında və davamlı olaraq həyata keçirilməsi karantin rejiminin
doğurduğu məhdudiyyətlərin getdikcə yumşaldılmasına şərait
yaradıb.

Təqdirəlayiq haldır ki, qayğıya ehtiyacı olan sosial qrupların
dəstəklənməsinə ünvanlanmış layihələrin icrası dayandırılmamışdır.
Belə ki, ölkədə əməkhaqlarının, pensiya və müavinətlərin,
təqaüdlərin və digər sosial ödənişlərin artırılması, aztəminatlı
ailələrin, xüsusilə sosial cəhətdən həssas qrupların sosial
müdafiəsinin gücləndirilməsi, eyni zamanda şəhid ailələrinin və
müharibə əlillərinin sosial-məişət və mənzil şəraitinin
yaxşılaşdırılması üçün əhəmiyyətli addımlar atılmış, ölkəmizdə
sosial islahatların yeni mərhələsinə başlanmasına təminat
yaradılıb”, – deyə o bildirib.

Teqlər: