Körfəzin əksər ərəb ölkələrinin hakimiyyəti təhlükəsizlik
baxımından öz vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə
çağırıb.
AzerTimes-ın
məlumatına görə, müvafiq bəyanatlar həmin dövlətlərin xarici işlər
nazirlikləri və ya onların Kiyevdəki səfirlikləri tərəfindən
yayılıb.
Məlumata əsasən, bəziləri isə Ukrayna ərazisində olan
soydaşlarından bu ölkəni tərk etmələrini xahiş ediblər:
“Səudiyyə Ərəbistanının Ukraynadakı səfirliyi bütün vətəndaşları
hazırda bu ölkəyə səfərlərini təxirə salmağa çağırır, həmçinin
Ukrayna ərazisində olan vətəndaşları təcili tərk etmə prosedurunu
asanlaşdırmaq üçün səfirliklə əlaqə saxlamağa çağırır”, – deyə
ölkənin Ukraynadakı səfirliyi öz “Twitter” səhifəsində yazıb.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ukraynadakı səfirliyi də
analoji çağırış ilə həmvətənlərinə müraciət edib.
Qətər Xarici İşlər Nazirliyi həmçinin əmirlik vətəndaşlarından
“zəruri olmadığı halda, Ukraynaya səfərlərini təxirə salmağı” xahiş
edərək, Ukrayna ərazisindəki həmvətənlərini Qətərin Kiyevdəki
səfirliyi ilə əlaqə saxlamağa çağırıb.
Bəhreyn Xarici İşlər Nazirliyi Ukraynaya səfərdən çəkinmək
tələbinə əlavə olaraq, bu ölkədəki vətəndaşlarının “son hadisələri
və qeyri-sabit vəziyyəti nəzərə alaraq, öz təhlükəsizlikləri üçün
oranı tərk etməyə” çağırıb.