Koreya səfiri ilə görüş olub (FOTO)

Aprelin 13-də Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov Koreya
Respublikasının Azərbaycandakı səfiri Li İn Yonq ilə görüşüb.

Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun
rəhbəri Malik Həsənov qonağı səmimi salamlayaraq ona səfirlik
fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan və Koreya arasında müxtəlif sahələrdə uğurlu
əməkdaşlığın davam etdiyini bildirən Malik Həsənov Azərbaycan və
Cənubi Koreya prezidentlərinin qarşılıqlı səfərləri nəticəsində iki
ölkə arasında əlaqələrin daha da inkişaf etdiyini vurğulayıb,
ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin
əhəmiyyətini qeyd edib.

İqtisadi sahədə əməkdaşlığa toxunan Malik Həsənov Koreya
şirkətlərinin ölkəmizdə müxtəlif sahələrdə, o cümlədən
infrastruktur və inşaat layihələrində uğurla iştirak etdiklərini
deyib. O, Azərbaycan və Koreya arasında ticarət və investisiya
sahəsində əməkdaşlığın genişlənməsi üçün böyük potensial olduğunu
deyərək bu istiqamətdə səfirin fəaliyyətinin iki ölkə arasındakı
əlaqələrə dəyərli töhfə verəcəyinə inandığını söyləyib.

Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə
işçi qrupunun üzvü Rauf Əliyev də səfirə yeni vəzifəsində uğurlar
diləyib, Azərbaycan-Koreya əlaqələrinin inkişaf etdirilməsi ilə
bağlı fikirlərini bildirib, idman və təhsil sahəsində əməkdaşlıq
barədə təkliflərini səsləndirib.

Səfir Li İn-Yonq qəbula görə təşəkkür edib. Səfir kimi ilk
fəaliyyətinin ölkələrimiz arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyinə təsadüf etməsindən, Azərbaycan-Koreya
münasibətlərinin ötən 30 ildə inkişaf etməsindən məmnunluğunu
vurğulayaraq, əlaqələrin daha da genişləndirilməsinin vacibliyini
bildirib.

Səfir ölkəsinin Azərbaycanda həyata keçirdiyi layihələrdən söz
açıb. O, fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin inkişafı
üçün bütün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə Milli Məclisin Azərbaycan-Koreya parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun üzvü Ülvi Quliyev də iştirak edib.

Teqlər: