Konyada keçirilən kənd təsərrüfatı sərgisi azərbaycanlı sahibkarlar üçün fürsət ola bilər – MÜSİAD Azərbaycan rəhbəri

Türkiyənin Konya şəhərində keçirilən 18-ci kənd təsərrüfatı
sərgisi azərbaycanlı sahibkarlar üçün fürsət ola bilər.

Bunu AzerTimes-a
açıqlamasında Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD)
Azərbaycanın İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.

O qeyd edib ki, 8-12 mart tarixlərində keçirilən sərgidə
dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Türkiyədən ümumilikdə
400-ə yaxın şirkət iştirak edir.

R.Cabirli bildirib ki, MÜSİAD Azərbaycandan 11 nəfərlik heyət də
sərgidə iştirak edəcək.
Onun sözlərinə görə, MÜSİAD Azərbaycan heyəti Konyada MÜSİAD
nümayəndəliyi ilə görüşəcək və istər Türkiyədə, istərsə də
Azərbaycanda ortaq görülə biləcək işlər müzakirə ediləcək.

“Bilindiyi kimi, MÜSİAD-a üzv olan iş adamları və şirkətlər
müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Hədəfimiz Türkiyədəki
müxtəlif sahələrdə, o cümlədən, kənd təsərrüfatı sahəsində çalışan
iş adamlarını Azərbaycana cəlb etməkdir”, – deyə o bildirib.

R.Cabirli qeyd edib ki, Azərbaycan və türkiyəli iş adamları
arasında əlaqələrin möhkəmlənməsi və bu istiqamətdə addımların
atılması MÜSİAD Azərbaycanın maraqları daxilindədir.


“MÜSİAD Azərbaycan olaraq, biz Azərbaycanın müxtəlif
bölgələrində olmuşuq və ölkənin ciddi kənd təsərrüfatı potensialına
malik olduğunu bilirik”, – deyə o bildirib.

R.Cabirli onu da qeyd edib ki, Konyaya səfər edən MÜSİAD
Azərbaycan heyəti, eyni zamanda, İsparta şəhərinə də səfər
edəcək.

“İspartaya səfərin əsas məqsədi buradakı MÜSİAD şöbəsi ilə də
görüşün keçirilməsidir. İnanırıq ki, bu görüşlərin nəticəsi kimi
Azərbaycana investor axını olacaq ki, bu da MÜSİAD-ın başlıca
hədəflərindən biridir”, – deyə o bildirib.

Məlumat üçün qeyd edək ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə
ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var.

Teqlər: