Könül Nurullayeva: Həmsədr ölkələrin nümayəndələrinin azad olunmuş ərazilərə səfərlərdən yayınması onların əsl mahiyyətini bir daha açdı

Qarabağda 30 illik işğal dövründə baş verənlərin dünyaya çatdırılması olduqca vacibdir. Bu məqsədlə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlik rəhbərlərinin işğaldan azad edilmiş ərazilərə səfəri davam edir. Növbəti belə səfər Şuşa şəhərinə baş tutdu.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, diplomatlar mövcud vəziyyətlə, eyni zamanda ermənilərin 30 il ərzində törətdikləri vandalizm, Azərbaycan xalqının maddi və mənəvi irsinin talan və məhv edilməsinə dair faktlarla yerində tanış oldular:

“Bu vaxta qədər diplomatik korpusun Fizuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın, Ağdam rayonlarına və Şuşa şəhərinə səfərləri təşkil olunub. Şuşa şəhərinə səfərdə 33 ölkənin səfiri, 13 ölkənin isə müvəqqəti işlər vəkili, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ölkəmizdəki nümayəndələri iştirak edirdi.

Lakin təəssüflə qeyd etməliyik ki, ABŞ, Rusiya və Fransanın, yəni ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin nümayəndələri bu səfərə qatılmayıb. Haqlı sual yaranır-niyə? 27 il Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirən həmsədrlərin bu səfərlərə maraq göstərməməsi sadəcə təəssüf doğurur. Çünki məhz həmsədr ölkələr belə səfərlərin nə qədər əhəmiyyətli olduğunu yaxşı bilir.

İşğal dövründə Ermənistanın bu ərazilərdə törətdikləri vandallıq aktlarından da məhz vasitəçilər daha çox məlumatlıdır. Sadəcə, münaqişə dövründə olduğu kimi, post münaqişə dövründə də ədalətli mövqe ortaya qoymaqsan çəkinirlər. Elə bu səbəbdən həmsədrlərin nüfuzu Azərbaycanda aşağıdır və cəmiyyətin onlara etimadı yoxdur. Bu münasibəti vasitəçilər öz fəaliyyətsizlikləri ilə formalaşdırıblar. Özlərini işğaldan azad olunmuş ərazilərə təşkil edilən səfərlərdən kənarda saxlayan ATƏT MQ həmsədrlərinin nüfuzu indi daha da aşağı düşdü. Bir daha aydın oldu ki, həmsədr ölkələr münaqişənin həllindən daha çox, bölgədə “status-kvo” vəziyyətinin qorunub saxlanmasında maraqlı olub”.

Deputat bildirib ki, diplomatik korpus nümayəndələrinin təəsüratlarına gəlincə, onlar da bu fikirləri bölüşür – Şuşa da daxil olmaqla heç bir ərazidə bərpa işlərinin aparılmaması göstərir ki, bu ərazilər hər zaman ermənilər üçün yad olub:

“Bu səbəbdən işğal dövründə talan, ekoloji və mədəni terror, urbisid fəaliyyətilə məşğul olublar. Azərbaycan öz tarixi torpaqlarında qısa vaxtda genişmiqyaslı quruculuq və bərpa işləri aparmaqla öz gücünü və böyük potensialını aydın nümayiş etdirir.”

Teqlər: