Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin (TSBP) Birləşmiş
Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində yerləşən Federal Milli
Şurada IX plenar iclası baş tutub. 85 üzv dövlətin parlament
nümayəndələrinin iştirak etdiyi sessiyada iştirak edən millət
vəkili Könül Nurullayeva, tolerantlıq və sülh dəyərlərinin
təbliğinin gücləndirilməsi istiqamətində təkliflərini irəli
sürüb.
Bu sahədə mövcud olan problemlər ətrafında danışıqların və
müzakirələrin təşviqinə yönəlmiş mexanizmdən bəhs edən
K.Nurullayeva vurğulayıb ki, tədqiqat mərkəzləri və beynəlxalq
platformalar gəncləri münaqişələr haqqında deyil, sülh və
tolerantlıq haqqında düşünməyə yönləndirməlidir. Bundan əlavə,
ölkəmizin tolerantlıq və sülh məsələlərində sərgilədiyi qətiyyətli
mövqedən söhbət açan deputat bildirib ki, Azərbaycan ərazilərinin
işğal altında olması 30 ilə yaxın müddət ərzində regionda sülhün və
təhlükəsizliyin təmin olunmasına mane olmuşdur.
“Lakin 2020-ci ildə baş verən Vətən müharibəsində tarixi ədaləti
bərpa edəndən sonra region ölkələrinin və xalqlarının dayanıqlı
sülh şəraitində yaşaması üçün imkan yaranıb”, – deyə millət vəkili
Könül Nurullayeva bildirib.
Sessiya zamanı həmçinin TSBP ilə Braziliya, Maldiv, Kamboca,
Pakistan və Qırğızıstan kimi ölkələrin parlamentləri arasında
Anlaşma Memorandumu imzalandı,
sözügedən ölkələrlə tolerantlıq və sülh məsələləri üzrə
parlamentlərarası əməkdaşlığın gücləndirilməsi istiqamətində
razılaşma əldə olundu.
Qeyd edək ki, Tolerantlıq və Sülh üzrə Qlobal Şuranın prezidenti
Ahmed bin Mohamed Alcarvan, Tolerantlıq və Sülh üzrə Beynəlxalq
Parlamentinin prezidenti Marqarita Restrepo, Parlamentlərarası
Birliyin prezidenti Duarte Paçeko,
BƏƏ Federal Milli Parlamentinin Sədri Saqr Qubaş, Seneqal Milli
Assambleyasının Sədri Mustafa Niasse, Mozambik Milli
Assambleyasının Sədri Esperanka Bias, Komorlar İttifaqının Milli
Assambleyasının Sədri Mustadroin Abdu və digər önəmli qonaqlar
sessiyanın iştirakçıları arasında olublar.