Komitə sədri Sürix və Bazeldən olan fəal icma üzvləri ilə görüşüb (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov
İsveçrənin Sürix və Bazel şəhərlərindəki Azərbaycan icmasının fəal
üzvləri ilə görüşüb.

Komitədən AzerTimes-a bildirilib ki, görüş zamanı xarici ölkələrdə
Azərbaycanın tarixi və mədəni irsinin təbliği, Azərbaycan dilinin
inkişaf etdirilməsi və bu istiqamətdə həyata keçirilən layihələr
barədə müzakirələr aparılıb.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin Dünya Azərbaycanlılarının V
Qurultayında vurğuladığı kimi, xaricdə fəaliyyət göstərən həftəsonu
Azərbaycan məktəblərinin inkişaf etdirilməsi diaspor
təşkilatlarımız üçün prioritet məsələ olmalıdır.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə
həmvətənlərimizin kompakt yaşadığı dünyanın 16 şəhərində Azərbaycan
Evi açılıb, vətəndən uzaqda böyüməkdə olan gənc nəslə Azərbaycan
dilinin tədris edilməsi, vətənpərvərlik hisslərinin aşılanması üçün
həftəsonu məktəblərinin təşkilinə dəstək verilib.

Görüş zamanı İsveçrədəki Azərbaycan diasporunun gələcək
fəaliyyət istiqamətləri və planları müzakirə olunub, həftəsonu
məktəblərində dərnəklərin sayının artırılması məsələsinə toxunulub.
“Azərbaycanın Dostları” Birliyinin rəhbəri Arzu Əliyeva Bodmer və
valideynlər “Buta” rəqs dərnəyinin fəaliyyətini dəstəklədiyi üçün
DİDK-ya minnətdarlıqlarını bildiriblər.

Teqlər: