Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və Milli
Məclisin deputatı Sevil Mikayılova Köhnə Xudat kəndində sakinlərlə
görüşüb.
İcra Hakimiyyətindən AzerTimes-a verilən məlumata görə, qəbulda
Köhnə Xudat İnzibati Ərazi Dairəsinə daxil olan Seyidlər, Digahoba,
İdrisoba və Fərzəlioba kəndlərinin sakinləri iştirak edib.
Yerli hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət
və digər təşkilat rəhbərlərinin qatıldığı səyyar qəbulda əvvəlcə
şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra sakinlərin fərdi qaydada müraciət və təklifləri
dinlənilib. Müraciətlər kəndlərarası yolun təmiri, içməli və
suvarma suyuna olan ehtiyacın ödənilməsi, qaz təchizatının bərpası,
elektrik təsərrüfatının yenilənməsi, bağça binasının inşası,
məktəblərin təmiri, rabitə, internet və digər sosial məsələlərlə
bağlı olub.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Milli Məclisin deputatı Sevil Mikayılovada müraciətlərin həlli
üçün müvafiq addımların atılacağını vurğulayıb.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə
yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və
qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə
ediblər.