“Qoşulmama Hərəkatının təkamülündə Afrika irsi” mövzusunda konfrans keçirilib

26 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi tərəfindən Beynəlxalq Münasibətlərin Təhlili
Mərkəzi ilə birgə “Qoşulmama Hərəkatının təkamülündə Afrika irsi”
mövzusunda konfrans keçirilib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Afrika
gününə həsr olunmuş konfransın əsas məqsədi Qoşulmama Hərəkatı (QH)
tarixində Afrika irsinin rolu və Hərəkatın hazırki beynəlxalq
münasibətlər konyukturasında Afrika qitəsindən olan ölkələrin
maraqlarını daha yaxşı təbliğ etməsinə dair müzakirələrin
aparılması olub.

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev
və Mərakeş Krallığının ölkəmizdəki səfiri Məhəmməd Adil Embarşın
açılış nitqi ilə çıxış etdiyi konfransda Azərbaycanda akkreditə
olunmuş diplomatik korpus, akademik dairələr, tədqiqatçılar, Afrika
Birliyi ölkələri, həmçinin QH-yə üzv ölkələrdən olan tələbələr və
çoxsaylı media nümayəndələri iştirak edib.

Konfransda açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov,
Azərbaycanın Afrika ölkələri ilə artan xətt üzrə inkişaf edən
əməkdaşlıq əlaqələrinin yeni müstəviləri əhatə etdiyini bildirib.
Azərbaycanın QH-yə sədrliyi çərçivəsində Azərbaycan və Afrika
qitəsi ölkələri arasında mövcud münasibətlərin yeni mərhələyə qədəm
qoymasını məmnunluqla qeyd edən nazir Ceyhun Bayramov, Hərəkatın
hazırki sədri qismində Azərbaycanın Afrika qitəsini fəaliyyət
dövründə diqqət mərkəzində saxlanılması üçün prioritet regionlardan
biri kimi müəyyən etdiyini diqqətə çatdırıb. Afrikanın böyük
potensiala malik olan bir qitə kimi əhəmiyyətinə diqqət çəkən nazir
Ceyhun Bayramov, bu konfransın qlobal sülhün və inkişafın təmin
edilməsində Afrika qitəsinin tarixi, bu günü və gələcək rolu
haqqında məhsuldar müzakirələr aparmaq üçün yaxşı fürsət olduğunu
bildirib.

Həmçinin, 25 may 2022-ci il tarixində Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov tərəfindən Afrika günü
münasibətilə Afrika Birliyi Komissiyasının sədri Musa Faki Mahamata
və Afrika Birliyinə hazırda sədrlik edən ölkə qismində Seneqal
Respublikasının xarici işlər naziri Aissata Tol Sola məktublar
ünvanlanmışdır. Məktublarında nazir Ceyhun Bayramov, qarşı tərəfə
Afrika Günü münasibətilə öz səmimi təbriklərini çatdırıb. Nazir
Ceyhun Bayramov QH-yə sədrliyimiz dövründə Azərbaycanın Afrika ilə
münasibətlərinin daha da inkişaf etməsinin qürurverici olduğunu
ifadə edib. Nazir, Azərbaycanın QH-yə sədrliyi dövründə
pandemiyanın inkişaf etməkdə olan ölkələrə, xüsusilə Afrika
ölkələrinə təsirini minimuma endirmək istiqamətində qlobal
təşəbbüsləri geniş şəkildə təşviq etdiyini vurğulayıb.
Məktublarında nazir Ceyhun Bayramov, Azərbaycanın istər QH sədrliyi
dövründə, istərsə də ondan sonra Afrika ölkələri də daxil olmaqla
bütün QH üzvləri ilə çoxtərəfliliyin təşviqi, eləcə də QH üzv
ölkələri arasında əməkdaşlıq, dostluq və həmrəyliyin
gücləndirilməsi uğrunda səylərini əsirgəməyəcəyini diqqətə
çatdırıb.

Teqlər: