Köhnə maşınlar satın alınacaq: vəsait isə… – Deputat

Köhnə maşınlar satın alınacaq: vəsait isə… – Deputat

Fevral ayından utilizasiya haqlarının hesablanması və alınması qaydaları qüvvəyə minəcək.

Bu sözləri AzerTimes-a iqtisadçı alim, millət vəkili Vüqar Bayramov deyib.

O bildirib ki, yeni qaydalara əsasən avtomobillər texniki baxışdan keçən zaman istehsal ilindən asılı olaraq utilizasiya haqları alınacaq:

“İstehsal ili 1-10 il olan avtomobillər üçün utilizasiya haqqı 10 manat, 11-20 il olan avtomobillər üçün 20 manat, 20 ildən çox, 30 ildən az olan avtomobillər üçün 30 manat, istehsal ili 40 ildən çox olan avtomobillər üçün isə 40 manat utilizasiya haqqı nəzərdə tutulub. Bu, Utilizasiya Fondunun formalaşdırlması üçündür. İli köhnə olan avtomobillər Utilizasiya Fondu tərəfindən satın alınacaq”.

V.Bayramov əlavə edib ki, burada əsas məqsəd avtomobil parkının yenilənməsidir:

“Bu, həm də tıxacların azaldılması və yol-nəqliyyat hadisələrinin minimuma endirilməsi baxımından vacibdir. Avtomobillərin utilizasiyası könüllü şəkildə həyata keçiriləcək. Vətəndaşlar öz avtomobillərini təqdim edərək, Utilizasiya Fondundan müəyyən vəsaitlər tələb edə bilərlər” , – V.Bayramov bildirib.

Ekspert Ərşad Hüseynov isə bildirib ki, Utilizasiya Fondunun mənbələrindən biri də nəqliyyat vasitələrinin sahiblərinin fonda ödəyəcəyi utilizasiya haqqıdır:

“Yəqin ki, ödənişin nə qədər olması yaxın 3-4 günə Nazirlər Kabineti tərəfindən müəyyən olunar. Düzdür, rəqəmlər açıqlanıb, lakin həmin rəqəmlər rəsmi deyil. Utilizasiya avtomobilin istehsal ilinə görə fərqli ola bilər. Böyük rəqəmlər də gözlənilmir. Köhnə, ucuz avtomobilər utilizasiyaya gedəndə onlara birdəfəlik güzəşt ediləcək. Güzəştin məbləği Utilizasiya Fondundan ödəniləcək”.

Teqlər: