“Köhnə çamadanlar” filminin qala gecəsi keçirilib (FOTO)

Mayın 12-də Bakı Konqres Mərkəzində “Köhnə çamadanlar” filminin
qala gecəsi keçirilib.

Trend xəbər verir ki, Birinci və İkinci Qarabağ
müharibələrindən, tarixi qələbəmizdən bəhs edən filmin təqdimat
mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin
deputatları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, müxtəlif
qurumların rəhbər şəxsləri, ictimai xadimlər, Vətən müharibəsi
qəhrəmanları və filmdə bəhs edilən hadisələrin şahidləri iştirak
ediblər.

Real həyat hekayələri əsasında çəkilən film müharibənin qadının
taleyində buraxdığı ağrılı izlərə yeni ekran həyatı verib. Birinci
Qarabağ müharibəsində el-obasından didərgin düşən, işgəncələrə
məruz qalan, doğmalarını itirən müxtəlif insan obrazları, onların
yaşadıqları psixoloji travmalar filmdə öz əksini tapıb.

Filmdə 44 günlük Vətən müharibəsini əks etdirən real müharibə
kadrları ilə yanaşı, ön cəbhədən gələn böyük Zəfər müjdəsini
qürurla qeyd edən Azərbaycan xalqının sevinci xüsusi vurğulanır.
Ekran əsərində İkinci Qarabağ müharibəsinin iştirakçıları, sərhəd
qoşunlarında xidmət edən hərbçilərin, eləcə də sağlamlıq imkanları
məhdud istedadlı şəxslərin aktyorluq potensialından istifadə
edilib. Nikbin sonluqla yekunlaşan ekran işi tədbir iştirakçıları
tərəfindən alqışlarla qarşılanıb. Müharibə iştirakçıları
bildiriblər ki, Vətən müharibəsi 30 illik həsrətə son qoyub,
şəhidlərin qisası döyüş meydanında alınıb. 44 günlük Vətən
müharibəsi tarixi ədalətin bərpası, xeyirin şər üzərində qələbəsi
kimi yaddaşlara yazılıb.

“Köhnə çamadanlar” filminin ssenari müəllifi Sevda Sultanova,
quruluşçu rejissoru Səidə Haqverdiyeva, görüntü rejissoru isə
Şahmar Səfəroğludur. Filmin quruluşçu rəssamı Əfşan Əsədova, art
direktoru Tahir Əliyev, icraçı prodüserləri Kəmalə Nəhmətova və
Nicat Məmmədovdur. Xronometrajı iki saata yaxın olan bədii ekran
əsərinin baş prodüseri Pərvinə İsmayılova, layihə rəhbəri Səidə
Haqverdiyeva, redaktoru Həmidə Rüstəmovadır.

Əsas rollarda Xalq artistləri Məmmədsəfa Qasımov, Qabil Quliyev,
Pərvanə Qurbanova, Əməkdar artistlər Gülzar Qurbanova, Şəfəq
Əliyeva, Zemfira Əbdülsəmədova və digər tanınmış sənət adamları
çəkiliblər. Filmin yaradıcı heyəti səhnəarxası təəssüratlarını
bölüşüblər, yaratdıqları hər bir obrazda müharibə şahidləri kimi
yaşadıqları hiss və həyəcanı, qüruru ekrandan tamaşaçılara da
təlqin etməyə çalışıblar. Gerçək hadisələrin və qəhrəmanların ekran
təcəssümü olan filmi göz yaşları və həyəcansız izləmək mümkün
olmayıb.

Filmə müəllif baxışı aprelin 30-da Nizami Kino Mərkəzində təşkil
olunub.

Qeyd edək ki, 2021-ci ilin payızından çəkilişlərinə başlanılan
“Köhnə çamadanlar” tammetrajlı bədii filmi “RS Production”, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi və DOST İnklüziv İnkişaf və
Yaradıcılıq Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində ərsəyə
gətirilib. “OYUN” inklüziv teatr Məhdud Məsuliyyətli Cəmiyyətinin
istehsalı olan filmin baş sponsorları “RS Production”, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər sponsorlar isə Bakı
Beynəlxalq Dəniz Ticarət Limanı Qapalı Səhmdar Cəmiyyəti və “AK
Company”dır.

Bakı Konqres Mərkəzi isə filmin mövzusunun xalqımız üçün yüksək
mənəvi dəyərini nəzərə alaraq qala gecəsinin keçirilməsinə
dəstəyini əsirgəməyib.

İnformasiya dəstəkçisi trend.az, day.az, milli.az və
Azernews qəzeti

Teqlər: