KOBİA Belçikanın bir sıra qurumlarında görüşlər keçirib (FOTO)

Brüsselə səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı
Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov
Belçikanın bir sıra qurumlarında görüşlər keçirib.

KOBİA-dan AzerTimes-a verilən məlumata görə, Belçikanın Ticarət
Palataları Federasiyasının Baş meneceri Vouter Van Gulk ilə görüşdə
biznes şəbəkələri arasında əməkdaşlığın təşviqinə, birgə
layihələrin icrası və müəssisələrin yaradılması imkanlarına,
institusional əməkdaşlığın genişləndirilməsinə, biznes missiyaların
təşkilinə və biznes layihələri üzrə məlumat mübadiləsinə dair
müzakirələr aparılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Belçikanın
Flanders İnvestisiya və Ticarət Qurumunun ticarət üzrə direktoru
Dirk Van Steerteghem arasında keçirilmiş görüşdə Belçikanın kiçik
və orta biznes subyektlərinin və startapların Azərbaycana biznes
missiyasının təşkilinə, KOB-ların şəbəkələşməsinə, ölkəmizdə və
Belçikada keçirilən müxtəlif tədbirlərdə sahibkarların və
startapların iştirakına dair fikir mübadiləsi aparılıb.

Belçikaya səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri
Orxan Məmmədov Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD)
Belçika ofisinin rəhbəri Hayri Alpaydın ilə də görüşüb. Görüşdə
əməkdaşlıq perspektivlərinə və sahibkarlarla iş imkanlarına dair
fikir mübadiləsi aparılıb.

Eyni zamanda KOBİA-nın nümayəndələri Azərbaycanın Belçikadakı
Səfirliyinin təşkilatçılığı, diplomatik korpusun nümayəndələrinin,
bu ölkədə fəaliyyət göstərən Azərbaycan iş adamlarının və
tələbələrin iştirakı ilə 28 may Müstəqillik Gününə həsr olunmuş
tədbirdə iştirak ediblər.

Teqlər: