Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. Bunlar “Alqoritmik kredit texnologiyaları” MMC, “Delivery Azerbaijan” MMC, fərdi sahibkar Nəzər Allahverdiyev və “Əmir Texniki Xidmətlər” MMC-dir. Sözügedən KOB subyektləri “Startap” şəhadətnaməsini aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunur.
KOBİA-dan AzerTimes-a bildirilib ki, “Startap” şəhadətnaməsi almış startapların innovativ həlləri aqrar sahə üzrə istehsal qurğusu, maliyyə texnologiyaları, logistika xidməti və elektron ticarət kimi sahələri əhatə edir.
Məlumat üçün bildirək ki, indiyədək KOBİA tərəfindən 7 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almaq istəyən mikro və kiçik sahibkarlar ətraflı məlumatla və şəhadətnamə almış layihələr barədə KOBİA-nın www.smb.gov.az saytından müvafiq bölmədən tanış ola bilərlər.