Növbəti KOB Fest sərgi-satış yarmarkası mayın 13-də Gəncə
şəhərində təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) Gəncə şəhərinin sakinlərini və qonaqlarını “KOB
Fest”ə dəvət edir.
Yarmarkada Gəncə şəhərinin və ətraf rayonların KOB subyektləri
tərəfindən istehsal edilən qida və qeyri-qida məhsulları, eləcə də
sənətkarların, yaradıcı şəxslərin əl işləri nümayiş olunacaq və
satışı həyata keçiriləcək. “KOB Fest” çərçivəsində həmçinin,
bölgədə fəaliyyət göstərən KOB-ların xidmətləri təqdim olunacaq,
sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi üçün ikitərəfli
görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək,
mədəni-əyləncəli proqram təşkil ediləcək.
“KOB Fest”in təşkilində məqsəd Gəncə və ətraf rayonların KOB
subyektləri tərəfindən istehsal olunan məhsulların satışına dəstək
olmaq, yerli məhsulların tanıdılması, eləcə də istehsalçılar və
təchizatçılar arasında əlaqələrin genişləndirilməsidir.
Gəncə şəhərində Xan bağının ərazisində təşkil olunacaq KOB Fest
sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün
açıq olacaqdır.