KOB evlərində sahibkarların məlumatlandırılması tədbirləri genişləndirilir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sahibkarların
mövcud dövlət dəstəyi mexanizmləri, o cümlədən Agentlik tərəfindən
göstərilən dəstək və xidmətlər barədə məlumatlandırılması üçün
müxtəlif tədbirlər və sahəvi görüşlər təşkil edir, elektron
xidmətlərdən, mobil tətbiqlərdən istifadə genişləndirilir.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, KOB evlərində sahibkarlara göstərilən xidmətlərin
əhatə dairəsinin genişlənməsi və bu xidmətlərdən istifadə edən
biznes subyektlərinin sayının artması nəzərə alınaraq, KOB
evlərində əlavə məlumatlandırma vasitələrinin tətbiqinə başlanılıb.
Belə ki, KOB evlərində dövlət dəstəyi mexanizmlərinə dair QR kodlar
yerləşdirilib. KOB evlərinə müraciət edən sahibkarlar mobil
telefonları vasitəsilə QR kodları oxutdurmaqla “Startap”
şəhadətnaməsi, daxili bazar araşdırması, bazarlara çıxışa dəstək,
KOB dostları, KOB inkişafı mərkəzləri, qrant müsabiqəsi və s. kimi
dəstək və xidmətlər barədə ətraflı məlumat əldə edə bilərlər.


Qeyd edək ki, 2022-ci ilin yanvar-fevral ayları ərzində Xaçmaz
və Yevlax şəhərlərində fəaliyyət göstərən KOB evlərində
sahibkarlara 11 801 xidmət göstərilib ki, bunun 11 268-i “G2B” və
533-ü isə “B2B” xidmətlərdir.