Sosial şəbəkə platformalarından olan tvitterdə istifadəçilərdən
birinin Azərbaycanda Türkiyə vətəndaşı olan tələbəyə Kliniki Tibbi
Mərkəzdə tibbi yardımın və ya tibbi yardım üçün normal münasibətin
göstərilməməsi ilə bağlı yazdığı məsələ tərəfimizdən araşdırılıb və
belə bir fakt aşkarlanmayıb.
Bu barədə AzerTimes-a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur
Hidayətoğlu deyib.
O bildirib ki, həmin sosial şəbəkə istifadəçisinin “arkadaşım”
deyə xitab etdiyi adamın nə adı, nə soyadı, nə də ki, hansı həkimə
müraciət etməsi haqda dəqiq məlumatlar qeyd edilməyib:
“Amma bununla belə məlumatı dəqiqləşdirmək üçün Kliniki Tibbi
Mərkəzin müvafiq şöbələrindən sorğular toplamışıq. Nəinki ötən gün,
hətta son bir həftə ərzində hansısa əcnəbi vətəndaşın, əcnəbi
tələbənin və ya türkiyəli vətəndaşın müraciəti ilə bağlı məlumat
qeydə alınmayıb. O cümlədən, dəfələrlə həmin sosial şəbəkə
istifadəçi ilə əlaqə saxlamağa çalışsaq da heç bir cavab
verilməyib. Bu səbəbdən də yayılan məlumatı əsassız hesab
edirik”,-deyə E.Hidayətoğlu bildirib.