Klassik və qeyri-səlis məntiq nədir?

Xəbər - İlqar Şabanov – Trend:

Qeyri-səlis məntiq (Bulanıq məntiq və ya qeyri-səlis çoxluq
nəzəriyyəsi də adlandırılır) — riyaziyyatın bir bölməsi olub,
klassik məntiq və çoxluq anlayışlarını özündə ümumiləşdirir.
Qeyri-səlis məntiq anlayışı 1965-ci ildə Lütfi Zadə tərəfindən
irəli sürülüb. Adi məntiqi məsələlərdə qiymət 1 və 0 olmalıdırsa,
qeyri-səlis məntiqə aid məsələlərdə qiymətlər 0-1 intervalında
olur.

2 cür məntiq var – Aristotel və Lütfizadə məntiqi.

Aristotel məntiqi nədir?

Yunan filosofu Aristotelin belə bir fəlsəfi deyimi var – Bir
insanın dediyi ya doğrudur, ya yalan. Bu, klassik məntiqə misaldır.
Klassik məntiq hə, yaxud yox, 1 və yaxud 0, qara və yaxud ağ, isti
və yaxud soyuq qiymətlər alır.

Lütfizadə məntiqi nədir?

Fərz edək ki, 1 doğru, 0 isə yalandır. Bəs, o zaman 0.5 doğru,
yoxsa yalandır? Qeyri-səlis məntiqdə bu, cüzi hissəsi yalan olan
doğru deməkdir. 0.2-də isə əksinə, az hissəsi doğru olan
yalandır.

Tam ağ və tam qara olmayan rəngdə ola bilər. Elə bir rəng ki,
orada həm ağ, həm də qara rəng ola bilər (Çəhrayı rəng). İsti və
soyuq arasında bir çox proses olur. Çox isti, ilıq, az soyuq, çox
soyuq da ola bilər. Qeyri-səlis məntiq də bunu deməyə çalışır.
Klassik məntiqdən fərqli olaraq qeyri-səlis məntiq insan beyninin
iş prinsipinə, düşüncəsinə daha yaxındır. Əslində, biz də məlumatın
dəqiqliyi və vacibliyi arasında tarazlıq yaradırıq. Yəni məlumat
dəqiq və bizə tam aydın olmayan formada olmaya da bilər. Amma həmin
məlumatla işləmək vacib ola bilər.

Biz səkinin üstü ilə gedirik. Görürük ki, avtomobil yol ilə
hərəkət edir. Yolu keçmək istəyən adam təhlükənin fərqində deyil.
Bu zaman bizə avtomobilin sürəti haqqında məlumatlar məlum deyil.
Əslində, bizə gərək də deyil. Biz, sadəcə, həmən insanı xəbərdar
edirik ki, təhlükə var. Bu zaman biz əlimizdə olan informasiyadan
istifadə etmiş oluruq. Qeyri-səlis məntiq yalnız hazırda əldə olan
məlumatları nəzərdən keçirərək verilən düzgün qərarla müəyyən
problemin həllində kömək edir. Onun mükəmməlliyi də yalan və doğru
arasındakı bütün imkanları nəzərdən keçirən insanın qərar qəbul
etmə yolunu təqlid etməsidir. Lütfizadə komputerin hansısa bir
problemə məhz insanın yanaşacağı tərzdə yanaşmağın yolunu tapmaq
istəyirdi.

Hazırda qeyri-səlis məntiq məişətdə istifadə etdiyimiz yuyucu
maşın, tozsoran və s. kimi cihazlardan tutmuş, müasir
avtomobillərin sürətlər qutusunda və sürüşməyə qarşı tormoz (ABS)
sistemlərinə kimi, pilotsuz uçuş aparatlarında, hava proqnozlarının
hazırlanmasında, robototexnikada tətbiq olunur.