Ukrayna Ermənistan baş nazirinin, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentlərinin mayın 9-da Moskvada Qələbə Gününə həsr edilən təntənəli hərbi paradda iştirakını amoral və qeyri-dost addım hesab edir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
“Tədbir zamanı hərbi cinayətlər törətdiyinə görə beynəlxalq axtarışa verilən Rusiya Prezidenti Vladimir Putin ukraynalıların öldürülməsinə, Ukraynanın şəhər və kəndlərinin dağıdılmasına, ukraynalı uşaqların oğurlanmasına və işğal olunmuş Ukrayna ərazilərinin sakinlərinə qarşı repressiyalara haqq qazandırıb. Biz bu xarici dövlətlərin rəhbərlərinin Avropada İkinci Dünya müharibəsindən bəri misli görülməyən miqyasda savaşa başlaması ilə öyünən hərbi cinayətkarın yanında ictimai tədbirdə iştirakını Ukraynaya qarşı əxlaqsız və qeyri-dostcasına addım, həmçinin yaşam və azadlığı uğrunda mübarizə aparan Ukrayna xalqına sayğısızlıq kimi dəyərləndiririk”, – bəyanatda deyilib.