Fikrimcə, sözügedən iddia və yayılan video dezinformasiya siyasətinin bir parçasıdır. Ukrayna hazırda öz ərazisini işğaldan azad etməyə çalışır. Ümumiyyətlə isə Kiyevin əlində belə silahlar yoxdur.
Bu sözləri AzerTimes-a Ukraynanın kimyəvi bombalarla təchiz edilmiş çoxsaylı dronlar ilə Rusiyaya hücuma hazırlaşmasını əks etdirən video haqda danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq Rusiyanın nüvə silahı olduğunu xatırladıb:
“Əlbəttə, Ukraynanın sərhədyanı bölgədə yerləşən Belqorod kimi Rusiya şəhərlərində hərbi obyektlərə hücumları olub və bu, gözləniləndir. Lakin kimyəvi silahlardan istifadədən söhbət gedə bilməz. Çünki Rusiyanın əlində nüvə silahı var və bu, çox dəhşətli, faciəli nəticələrə gətirib çıxara bilər. Hazırda Ukraynanın əlində kimyəvi silah yoxdur, olsa belə, buna getməz. Sadəcə olaraq Kremlə yaxın ekspertlər Ukraynaya qarşı informasiya müharibəsi apararaq öz işğalçı siyasətlərinə haqq qazandırmağa çalışır”.