KİV nümayəndələri Ağdam Sənaye Parkında olublar (FOTO)

Fevralın 18-də İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə
Ağdam Sənaye Parkına mediatur təşkil edilib.

İqtisadiyyat Nazirliyindən AzerTimes-a verilən məlumata görə, KİV
nümayəndələri Ağdam Sənaye Parkı ilə tanış olublar. Onlara məlumat
verilib ki, dövlət başçısının 2021-ci il 28 may tarixli Fərmanı ilə
190 hektar ərazidə Ağdam Sənaye Parkı yaradılıb. Sənaye Parkının
prioritet fəaliyyət istiqamətləri kimi tikinti materiallarının
istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması,
meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə
istehsalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların
və s. təşkili müəyyənləşdirilib. Sənaye Parkında quruculuq işləri
mərhələli şəkildə həyata keçirilir. İlk olaraq Parkın ərazisinin
minalardan və hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılıb
və artıq 190 hektar ərazinin 74 hektardan artıq hissəsi təmizlənib,
qalan ərazilərdə isə işlər davam etdirilir. Artıq Sənaye Parkında
mobil tipli şəhərcik salınıb. Burada rezidentlər üçün konteyner
tipli ofis, yataqxana, tibb məntəqəsi, mağaza, aptek və yeməkxana
yaradılıb, abadlıq işləri görülüb. Parkın ərazisində bankomatlar
quraşdırılıb.

Sənaye Parkının ərazisində tikinti aparılacaq sahənin su ilə
təmin edilməsi məqsədilə 350 metr dərinliyində subartezian quyusu
qazılıb. Bundan başqa, əraziyə 10 kilovoltluq elektrik xətti
çəkilib və 630 kilovoltluq transformator məntəqəsi quraşdırılıb.
İşğaldan azad olunduqdan sonra Ağdam şəhərində ilk elektrik
enerjisi və su təchizatı sistemi Ağdam Sənaye Parkının ərazisində
quraşdırılıb. Sənaye Parkının işıqlandırılmasında günəş
enerjisindən qidalanan panellərdən istifadə edilir.

Ağdam Sənaye Parkının 74 hektar ərazisində topoqrafik planlama
və mühəndis-geoloji tədqiqat işləri yekunlaşdırılıb. Topoqrafik
planlama zamanı Parkın ərazisində dağılmış tikililərin geometrik
ölçüləri müəyyən edilib və ərazidən daşınması nəzərdə tutulan
tullantıların həcmi dəqiqləşdirilib. Geoloji-tədqiqat işləri zamanı
isə Parkın ərazisində süxurların tərkibi və litoloji təsviri,
fiziki və mexaniki xüsusiyyətləri müəyyənləşdirilib.

Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq
göstərilir. Artıq 5 sahibkarlıq subyekti (“Dadaş-N” MMC, “Veliev”
MMC, “Smartpoint” MMC, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət” MMC,
“Ağ Tekstil” MMC) rezident kimi qeydiyyata alınıb. Hazırda İqtisadi
Zonaların İnkişafı Agentliyində Sənaye Parkında reallaşdırılmaq
üçün sahibkarlar tərəfindən təqdim edilən 10-dan çox layihəyə
baxılır. Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal
məmulatları, beton istehsalı, ağır texnikaya texniki xidmətin
göstərilməsi və bununla əlaqədar olaraq bəzi metal ehtiyat
hissələrinin bərpası və istehsalı, ortopedik matras və yumşaq
mebellərin (divan və kresloların), kanalizasiya və içməli su
borularının istehsalı və s. təqdim olunan layihələr üzrə əsas
fəaliyyət istiqamətləridir.

Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Ağdam
Sənaye Parkında iki müəssisənin təməli qoyulub.

Təməli qoyulan “Smartpoint” MMC burada reallaşdıracağı layihə
çərçivəsində alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən
günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların
istehsalını təşkil edəcək. Layihənin investisiya dəyəri 9,1 milyon
manatdır. Layihə çərçivəsində yaradılacaq müəssisədə Türkiyə və
İtaliya texnologiyalarından istifadə ediləcək. Müəssisədə ildə 21
min işıq dirəyi və 40 meqavat gücündə digər qurğuların istehsal
olunması nəzərdə tutulur. “Smartpoint” MMC Sənaye Parkının
rezidentləri üçün nəzərdə tutulan bütün güzəştlərdən (tam
infrastruktur təminatı və vergi azadolmaları) faydalanacaq. Sənaye
Parkının 1,3 hektar ərazisində inşa ediləcək müəssisədə 80 daimi iş
yeri yaradılacaq. İstehsal ediləcək məhsulların daxili bazarda
satılması ilə yanaşı, Gürcüstan, Qazaxıstan və Özbəkistana da ixrac
olunması planlaşdırılır.

Digər rezident – “Dadaş-N” MMC Sənaye Parkında həyata keçirəcəyi
layihə çərçivəsində müxtəlif çeşidli sintetik xalçalar istehsal
edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə
çərçivəsində yaradılacaq müəssisədə il ərzində 700 min kvadratmetr
xalça istehsal olunacaq. Məhsul istehsalında polipropilen,
polietilen və poliakril kimi yerli xammaldan istifadə ediləcək.
İstehsal prosesində Belçika və Çin texnologiyalarından istifadə
planlaşdırılır. “Dadaş-N” MMC də Sənaye Parkının rezidentləri üçün
nəzərdə tutulan bütün güzəştlərdən yararlanacaq. Sənaye Parkının 2
hektar ərazisində inşa ediləcək müəssisədə 60 daimi iş yeri
yaradılacaq. İstehsal ediləcək məhsulların daxili bazarda satılması
ilə yanaşı, MDB ölkələrinə ixracı planlaşdırılır.

Bundan başqa, prefabrik dəmir-beton məmulatlarının, polimer
məhsulların, uniforma, xüsusi və fərdi geyimlərin istehsalı
layihələrinin həyata keçirilməsini nəzərdə tutan sahibkarlıq
subyektləri də Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata
alınıblar.

Teqlər: