Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə “Əl-Cəzirə” telekanalının jurnalisti Kimberli Halkettlə mübahisə edib.
AzerTimes xəbər verir ki, bu barədə “Foks Nyus” məlumat yayıb.
“Sərt mübahisə” ABŞ-ın Yaxın Şərqdəki hərəkətləri ilə bağlı müzakirə zamanı baş verib. Halkett Baydenin Konqresin təsdiqi olmadan Yəməndə husilərə qarşı zərbələr endirməsi ilə bağlı Kirbiyə “təzyiq” etməyə başlayıb. Kirbi Baydenin Konstitusiyaya görə bu hüququnun olduğunu söyləyərək əlavə edib ki, administrasiya qanunvericiləri görülən bütün işlər barədə məlumatlandıracaq.
Qeyd olunur ki, daha sonra Halkett Amerika xalqının prezidentin hərəkətlərindən narazı olduğunu dedikdə Kirbi əsəbiləşib.
Eyni zamanda, Halkett Ağ Ev rəhbərinin regionda fəaliyyət variantlarını araşdırarkən onun siyasi reytinqini nəzərə alıb-almadığını soruşduqda vəziyyət daha da gərginləşib. Kirbi müxbirin sözünü kəsərək deyib ki, baş komandan Amerika qoşunlarını qorumaq üçün işləyərkən sorğuya və ya siyasi təqvimə baxmır, bunun əksi olan iddialar isə təhqiredicidir.