“Kinder” məhsullarının geri çağırılması ilə bağlı tədbir görülüb

“Ferrero” şirkətinin Belçika istehsalı olan “Kinder”
məhsullarının satış şəbəkələrindən geri çağırılması ilə bağlı
müvafiq tədbirlər görülüb.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən
(AQTA) Trend-ə verilən məlumata görə İtaliyanın
“Ferrero” şirkətinin yenilənmiş məlumatına əsasən, şirkətin
Belçikada yerləşən müəssisəsində istehsal olunan bəzi məhsullarında
(Kinder Mini Eggs 75 qr, Kinder Egg Hunt Kit 150 qr, Kinder
Surprise 100 qr, Kinder Schokobons 200 qr, Kinder Surprise 20 qr,
Kinder Surprise 20 qr *3) salmonella olması ehtimalı ilə bağlı
həmin məhsul partiyaları geri çağırılıb.

Bununla bağlı, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi
Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar zamanı həmin
məhsulların 3 şirkət tərəfindən ölkəmizə idxal olunduğu
müəyyənləşdirilib. Eyni zamanda Agentliyə RASFF vasitəsilə
(Avropanın Qida və Yem üzrə Sürətli Xəbərdarlıq Sistemi) bununla
bağlı yeni bildiriş daxil olub.

AQTA tərəfindən qeyd olunan məhsulların dövriyyədən çıxarılması,
geri çağırılması ilə bağlı müvafiq tədbirlər görülüb və hazırda bu
proses davam etdirilir. Qeyd edək ki, bugünədək ümumilikdə 198.3 kq
məhsulun dövriyyədən çıxarılması təmin olunub. Agentlik
istehlakçıları Belçikada istehsal edilən həmin məhsulları istehlak
etməməyə çağırır və qeyd olunan məhsulları satış şəbəkələrində
aşkar etdikdə AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsini
xahiş edir.

AQTA bir daha bəyan edir ki, bu tədbirlər yalnız Belçikada
istehsal olunan məhsullara aiddir. Bu məhdudiyyətlər digər
ölkələrdə, o cümlədən Türkiyə, Rusiya və s. ölkələrdə istehsal
edilən və ölkəmizə idxal olunan məhsullara aid deyil.

Teqlər: