Xəbər - Çingiz Səfərli – Trend:
18-65 yaş arası, çəkisi 50 kq-dan artıq olan sağlam insanlar qan donoru ola bilər.
Bunu AzerTimes-a açıqlamasında Mərkəzi Qan Bankının müdiri Qumral Ələkbərova deyib.
Onun sözlərinə görə, kişilər ildə 4 dəfə, yəni hər 3 aydan bir, qadınlar isə ildə 3 dəfə, yəni hər 4 aydan bir qan donoru ola bilərlər:
“Qan donoru olmaq üçün hemoqlobin səviyyəsi kişilərdə minimum 13.5 g/dl, maksimum 18.0 g/dl, qadınlarda isə minimum 12.5 g/dl, maksimum 16.5 g/dl olmalıdır. Qan donoru olacaq şəxsin minimal çəkisi 50 kq olmalıdır. Qan təzyiqi isə hər iki genderdə minimum 90 mmHg-60 mmHg, maksimum 180 mmHg-100 mmHg olduğu halda qan donoru ola bilər. Qanvermədən öncə qandurulducu preparatlardan istifadə etmək tövsiyə olunmur.
Qanvermədən öncə qan donoru olacaq şəxsin bol maye, kofein tərkibli içkilər içməsi, günlük rutinə uyğun qidalanması tövsiyə edilir. Qan verən şəxs Mərkəzi Qan Bankı və bölmələrinə gəldiyi zaman ilk olaraq pandemiya qaydalarına uyğun olaraq hərarəti yoxlanılır, dezinfeksiyaedici vasitələrlə əlləri dezinfeksiya edilir və sonra qeydiyyata yönləndirilir. Donor qeydiyyatdan keçdikdən sonra həkim müayinəsindən keçməsi üçün müayinə otağına istiqamətləndirilir. Burada donordan səhhəti ilə bağlı ümumi məlumat (anamnez) toplanır, boyu və çəkisi ölçülür, hemoqlobin dəyərləri və təzyiqi yoxlanılır”.
Twitter:@cingizsafarli