Kəlbəcər yaylaqlarına 20 mindən çox arı ailəsi köçürüləcək

Bu il Kəlbəcər yaylaqlarına 20 mindən artıq arı ailəsinin
köçürülməsi planlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Kəlbəcər rayonu üzrə 28 mindən çox arı ailəsi Elektron Kənd
Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçib.

Bu arı ailələrinin əksəriyyəti Kəlbəcər yaylaqlarına
köçürüləcək. Artıq 500-dən çox fermer arıçılıq təsərrüfatlarını
yaylaqlara aparmaq üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron
portalında qeydiyyatdan keçib. Qeydiyyat prosesi aprelin 30-da başa
çatacaq.

Azad olunmuş ərazilərə ötən il olduğu kimi yenə də yalnız həmin
rayondan olan fermerlərin təsərrüfatları köçürüləcək. Bu il
Kəlbəcər yaylaqlarına həmçinin Azərbaycanın müxtəlif bölgələrində
fəaliyyət göstərən damazlıq arıçılıq və qoyunçuluq
təsərrüfatlarının da köçürülməsi nəzərdə tutulur.
Portalda qeydiyyatdan keçmiş arıçılıq təsərrüfatlarının rəhbərləri
10-12 may tarixlərində Göygöldə yerləşən ANAMA-nın Təlim Mərkəzində
azad olunmuş ərazilərdə xüsusi davranış qaydaları ilə bağlı
təlimlərə cəlb olunacaq. Təlimləri başa vurmuş fermerlər köç
etdikləri ərazilərdə müvafiq təlimata uyğun davranacaqlarına dair
iltizamnamə imzaladıqdan sonra, onların mərhələli şəkildə
yaylaqlara köçü təmin ediləcək.
Bu gün təliməri başa vurmuş 13 arıçıdan ibarət 5 arıçılıq
təsərrüfatı Kəlbəcər yaylaqlarına yola salınıb. Göygöl rayonu
ərazisində keçirilən yola salma mərasimində Kənd Təsərrüfatı
Nazirliyinin nümayəndələri, Azərbaycan Arıçılar Assosiasiyasının,
Peşəkar Arıçılar İctimai Birliyinin rəhbərləri, Kəlbəcər rayonundan
olan 150-dən çox arıçı fermer iştirak edib.

Mərasimdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin
Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Eldar
Həsənov yaylaq mövsümünün başlaması münasibətilə kəlbəcərli
arıçıları təbrik edib. O bildirib ki, ötən il ilk dəfə pilot layihə
çərçivəsində Kəlbəcər və Laçın yaylaqlarına arıçılıq
təsərrüfatlarının köçü təmin edilib. Mövsümü doğma yaylaqlarda
keçirən arıçılıq təsərrüfatlarında yüksək məhsuldarlıq əldə olunub.
2021-ci ildə Kəlbəcər və Laçın yaylaqlarına 4500-dən artıq arı
iləsi köçürülüb, bu il isə təkcə Kəlbəcər rayonu ərazisinə 20
mindən çox arı ailəsinin köçürülməsi planlaşdırılır.

Təsərrüfatların yaylaqlara köçürülməsi prosesi digər dövlət
qurumları ilə koordinasiya edilir və xüsusi reqlament əsasında
həyata keçirilir. Reqlamentə əsasən, ən azı 40 arı ailəsinə sahib
olan, arı ailələrini Elektron Kənd Təsərrüfatı İnformasiya
Sistemində qeydiyyatdan keçirərək subsidiya alan kəlbəcərli
fermerlər öz rayonlarındakı yaylaqlara köç üçün müraciət edə
bilərlər. Fermerlər müraciətlərini istənilən rayonun Dövlət Aqrar
İnkişaf Mərkəzində rəsmiləşdirmək imkanına sahibdir. Bundan başqa
fermerlər özləri müstəqil şəkildə köçlə əlaqədar yaradılmış
https://koc.eagro.az ünvanında yerləşən portala daxil olaraq
müraciətlərini rəsmiləşdirə bilərlər.

Fermerlərə məlumat verilib ki, ötən il pilot layihə çərçivəsində
heyvandarlıq təsərrüfatlrının da Kəlbəcər yaylaqlarına köçürülməsi
təmin edilib. Köçün nəticələri nazirlikdə qiymətləndirilərək
2022-ci il üçün ilkin proqnozlar müəyyənləşdirilib.
Qiymətləndirilməyə uyğun olaraq, bu il tərkibində ən azı 200 heyvan
olan qoyunçuluq təsərrüfatlarının da Kəlbəcər yaylaqlarına köçünün
təşkili nəzərdə tutulub. Yaylaqlara köç edəcək hər bir heyvandarlıq
təsərrüfatında qiymətləndirmə aparılacaq və təsərrüfatların
məhsuldarlıq göstəriciləri nəzərdən keçiriləcək.

Çıxşlardan sonra fermerlərin köçlə əlaqədar çoxsaylı sualları
cavablandırılıb, irəli sürülən təkliflər qeydə alınıb. Tədbirin
sonunda ANAMA-nın Təlim Mərkəzində təlimləri başa vurmuş
fermerlərin rəhbərlik etdiyi təsərrüfatlar Kəlbəcər yaylaqlarına
yola salınıb.

Teqlər: