Kazaryanın Azərbaycana sığınması separatçıları çaşdırdı

Kazaryanın Azərbaycana sığınması separatçıları çaşdırdı

Xəbər verildiyi kimi, Azərbaycan Ordusunun postlarının birinə yaxınlaşaraq kömək istəyən mülki erməni sakin Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına təhvil verilib.

AzerTimes xəbər verir ki, o, bir neçə gün öncə Azərbaycan Ordusunun əsgərlərinə yaxınlaşıb, ac olduğunu, üşüdüyünü, siqaret istədiyini bildirib. Azərbaycan əsgərləri ona hər cür şərait yaradıblar, bu gün isə o, Laçın-Xankəndi yolundakı aksiya ərazisindən Xankəndiyə yola salınıb.

Bu xəbərin tirajlanması ilə Qarabağdakı erməni separatçı-terrorçu dəstəsi və Ermənistan mediası panikaya düşüb. Xəbərin dərhal ardından Qarabağda, rus sülhməramlıların himayəsi altında fəaliyyət göstərməyə çalışan separatçıların “təhlükəsizlik xidməti” erməni sakinin aksiya iştirakçıları ilə “görüşdüyü” barədə məlumatı dərhal təkzib edib. Qeyd edib ki, bu barədə “bir azdan daha təfərrüatlı açıqlama veriləcək”.

Belə aydın olur ki, “təhlükəsizlik xidməti” məlumatı təkzib edərkən, nəyin baş verdiyini ümumiyyətlə bilməyib, erməni sakinin niyə Azərbaycan əsgərlərinə sığınmasından da xəbərsiz olub. Əks halda heç olmasa erməni sakinin adı açıqlanardı.

Bir neçə dəqiqə öncə isə “təhlükəsizlik xidməti” daha bir açıqlama yaydı. Bildirdi ki, həmin şəxs Toros Kazaryan adlı Xocavənd rayonunun Çartar kənd sakinidir. Heyvandarlıqla məşğul olan həmin şəxs guya 1 yanvarda itkin düşüb.

Bundan sonra isə erməni separatçıların nağılları başlayır: “məlum olur ki”, həmin şəxsin “səhhətində problem varmış”, “böyük ehtimalla” azıbmış və Azərbaycan əsgərləri onu tapıbmış, guya separatçılar buna görə sülhməramlılara da müraciət ediblərmiş və s.

Təbii ki, bu cür yalan, saxta açıqlama öz-özlüyündə suallar doğurur: erməni sakin itkin düşür, onun Azərbaycan əsgərləri tərəfindən tapıldığı haqda “böyük ehtimal” peyda olur, ancaq Ermənistan və Qarabağdakı erməni separatçıları bunu ictimailəşdirmir, haray-həşir salmır, Qırmızı Xaça müraciət etmir, hətta həyasızlıqlarına salıb, bunu “oğurlanma” kimi təqdim etmir?

Mümkün deyil! Ermənilər bu sualların ortaya çıxacağını yaxşı bildikləri üçün açıqlamalarına belə bir gülünc “bəraət” də daxil ediblər: “Vətəndaşımızın həyat və sağlamlığına təhlükə törətməmək üçün biz sülhməramlıların vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə heç bir açıqlama vermədən danışıqları davam etdirdik”.

Məsələnin ictimailəşməsi, prosesə beynəlxalq humanitar təşkilatların qarışması “vətəndaşın təhlükəsizliyi və sağlamlığı üçün” daha münasib sayılmırmı? Erməni separatçılar bunu niyə gizlədiblər? Hansı məntiqlə səsə salmadan “danışıqlar” aparıblar və ümumiyyətlə, niyə bu barədə bir həftə müddətində bircə dəfə də olsun, mediada yazılmayıb?

Fakt odur ki, erməni separatçı-terrorçuları hətta bu gün aksiya ərazisindən geri qaytarılan erməninin kimliyini belə bilmirdilər, əks halda tələm-tələsik verdikləri ilk açıqlamada onun adını yazardılar.

Digər tərəfdən, saxtakarlığın daha bir nümanəsi “heyvandarlıqla məşğul olan Kazaryanın” səhhətində “problem yaşaması ilə” bağlıdır. Bu isə o deməkdir ki, separatçı-terrorçular azərbaycanlılara sığınan sadə erməniləri dəli və xəstə çıxarmaq üçün əllərindən gələni edirlər.

Qısa müddətdən sonra Toros Kazaryanın “əqli qüsurlu” olduğu və Xankəndidə dəlixanaya salındığı haqda məlumat yayılsa, təəccüblənməməliyik.

Qeyd: Azərbaycanlılar Kazaryanın adını belə açıqlamadan, aksiya ərazisindən qucaqlayaraq yola salırlar. Erməninin üzündəki ifadədən də onun azərbaycanlılara sığınmaqdan məmnunluğu görünür.

Bu fotoları erməni separatçı-terrorçuların “Kazaryanın səhhətində problemlər” olması barədə açıqlaması ilə müqayisə etmək olar.

Eyni xəbərdə Kazaryanın Xankəndidə müayinə edildiyi, “səhhətinin tam qaydasında olduğu” bildirilir. Bu isə o deməkdir ki, separatçı-terrorçuların “Kazaryanın səhhətində problem var” sözü onun əqli qüsurlu olmasına işarədir.

Teqlər: