“Kaspersky”nin bu həlli uşaqların “YouTube”dakı baxış tarixçəsini izləməyə imkan verəcək

Uşaqların əksəriyyəti həyatlarını smartfonlar və rəqəmsal məzmun
olmadan təsəvvür edə bilmirlər. Kaspersky-nin məlumatına görə*,
2022-ci ilin birinci rübündə Azərbaycanda ən populyar tətbiq
YouTube olub. Onun payına uşaqların ilin ilk üç ayında on ən
populyar tətbiqdə sərf etdikləri ümumi vaxtın üçdə biri düşüb.
İkinci və üçüncü yerdə müvafiq olaraq WhatsApp və TikTok gəlir.

YouTube-da məzmuna baxmağı daha təhlükəsiz etmək üçün Kaspersky
tərəfindən Kaspersky Safe Kids həlli daha da təkmilləşdirilib. İndi
valideynlərə bu populyar video hostinq xidmətində axtarış
tarixçələrinə baxmaq imkanı verən “YouTube-da
təhlükəsiz axtarış
” funksiyasına əlavə olaraq, valideynlər
uşaqlarının məhz hansı videolara baxdıqlarını da izləyə
biləcəklər**. Kaspersky Safe Kids-in iOS*** versiyasında
veb-nəzarət və ekran vaxtına nəzarət funksiyalarının imkanları
genişləndirilib. Birinci funksiya, axtarış sorğularının tarixçəsinə
baxmaq, kateqoriyalar üzrə saytlara girişi məhdudlaşdırmaq, icazə
verilən/qadağan olunan saytların siyahısını yaratmaq və girişi
seçim əsasında bloklamaq, o cümlədən, yalnız valideyn tərəfindən
icazə verilən saytlara daxil olmağa imkan verir. Filtrləmə imkanı
əksər populyar brauzerlər üçün mövcuddur. Ekran vaxtının
məhdudlaşdırılmasına gəlincə, əvvəllər uşaq sadəcə olaraq cihazdan
istifadə üçün icazə verilən vaxtın bitdiyi barədə bildiriş alırdı.
İndi isə bu baş verdikdə, cihaz valideynlərə zəng etmək imkanı
qalmaq şərtilə kilidə düşə bilər (əgər valideyn bu funksiyanı
aktivləşdiribsə).

“Hər bir valideyn əmin olmaq istəyir ki, övladı internetdə heç
bir təhdidlə üzləşmir. Müasir texnologiya uşaqların onlayn
təhlükəsizliyini qorumaq üçün ən yaxşı üsuldur. Baxış tarixçəsi
funksiyası uşağın maraqlarını daha yaxşı anlamağa və bu məlumatdan
etibarlı münasibət qurmaq üçün istifadə etməyə imkan verir. Eyni
zamanda, unutmaq olmaz ki, uşağın öz sərhədləri var və onun şəxsi
həyatına hər hansı müdaxilə mümkün qədər diqqətlə müşayiət
olunmalıdır”, – deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi
Müşviq Məmmədov bildirib.

Uşaqların şəbəkədə keçirdiyi vaxtı daha təhlükəsiz etmək üçün
Kaspersky valideynlərə tövsiyə edir:

  • övladlarınızla onların rəqəmsal həyatı – internetdəki
    məşğuliyyətləri və görməli olduqları təhlükəsizlik tədbirləri
    haqqında daha çox danışın;
  • məxfilik müqavilələrini diqqətlə oxumağı, məxfilik
    parametrlərinə nəzarət etməyi özünüz öyrənin və uşaqlarınıza da
    öyrədin;
  • lazım gələrsə, valideyn nəzarəti üçün
    tətbiq
    quraşdırın, lakin əvvəlcə uşağınızla həmin tətbiqin nə
    olduğunu və bu qərarı niyə verdiyinizi müzakirə edin.

Şirkət “Kaspersky Safe Kids” həllini nə etməyindən – oyun
oynamaq, təhsil almaq və ya dostlarla ünsiyyət saxlamaq – asılı
olmayaraq, uşaqların onlayn təhlükəsizliyini təmin etmək üçün
hazırlayıb. Onun köməyi ilə valideynlər uşağın internetdə nə qədər
vaxt keçirməsindən xəbərdar ola, həmçinin onu arzuolunmaz məzmundan
qoruya bilərlər. Bundan əlavə, məhsul geolokasiya funksiyası
sayəsində uşağın cari yerini müəyyən etməyə imkan verir ki, bu da
onun şəhərdə tək gəzməsi barədə narahatlığı aradan qaldırır.

Kaspersky Safe Kids həlli müntəzəm olaraq mükafatlar qazanır.
Məsələn, 2022-ci ildə “Make Use Of” onlayn texnologiya portalı onu
ən yaxşı valideyn nəzarəti proqramı adlandırıb,
2021-ci ildə isə müstəqil AV-TEST laboratoriyası tərəfindən
aparılan sınaqların nəticələrinə görə, o, “Approved Parental
Control Software” (Təsdiqlənmiş Valideyn Nəzarəti Proqramı)

sertifikatına
layiq görülüb.

* Məlumat, Kaspersky Safe Kids-in
2022-ci ilin yanvar-mart aylarında uşaqların Android dəstəkli
cihazlardakı tətbiqlərdə keçirdikləri saatların sayına dair anonim
statistikaya əsaslanır. On ən populyar tətbiqdə sərf olunan
saatların cəmi 100% olaraq qəbul edilib və faiz bölgüsü tətbiqlərin
hər birində sərf olunan saatların sayından asılıdır.

** YouTube-da baxış tarixçəsi funksiyası
uşağın Windows və Android dəstəkli cihazlardakı brauzerlərdə
fəaliyyətinə nəzarət etmək üçün mövcuddur; bu haqda hesabatı
valideynlər Android dəstəkli cihazlarında valideyn rejimində
quraşdırılmış Kaspersky Safe Kids proqramında görə
bilərlər.

*** Tam funksionallıq Windows, Mac və
Android dəstəkli cihazlar üçün mövcuddur. iOS 15.0+ ilə işləyən
cihazlar üçün veb nəzarəti və ekran vaxtı nəzarəti funksiyaları
Apple Family hesabı vasitəsilə mövcuddur. İOS 12.0-14.0 ilə işləyən
cihazlar üçün veb nəzarəti funksiyası yalnız Kaspersky Safe Kids
brauzeri vasitəsilə mümkündür, ekran vaxtına nəzarət funksiyası isə
uşağın cihazında “Vaxt bitdi” bildirişi vasitəsilə həyata
keçirilir.

Teqlər: