Kara Ermənistana qarşı arbitraj prosesini dəstəklədi

Kara Ermənistana qarşı arbitraj prosesini dəstəklədi

İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Kara növbəti dəfə ABŞ və qlobal yəhudi mediasının diqqətini özünə çəkib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a bildiriblər ki, ABŞ-ın geniş oxuyucu kütləsinə malik populyar nəşri “Jewish Press”də Azərbaycanla bağlı beynəlxalq və İsrail mediasında mütəmadi açıqlamaları ilə gündəmə gələn sabiq nazirin “Azərbaycanın enerji hüquqları ilə həmrəy olaraq” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə Laçın dəhlizində etiraz aksiyası keçirən azərbaycanlı ekofəallar ilə həmrəyliyini vurğulayan müəllif bunu onunla izah edib ki, təmiz ətraf mühit hüququ və millətin öz təbii sərvətlərindən ekoloji cəhətdən təmiz şəkildə istifadə etmək imkanı hazırda Ermənistan tərəfindən Azərbaycana münasibətdə kobud şəkildə pozulan əsas insan hüququdur. Bu səbəbdən o, Azərbaycanın Ermənistana qarşı başladılan arbitraj prosesinin Enerji Xartiyası Müqaviləsinə uyğun aparılmasını dəstəkləyir. Belə ki, beynəlxalq hüquqa əsasən, Ermənistan Azərbaycanın Qarabağ iqtisadi rayonunda enerji resurslarına çıxışını qadağan və onun enerji resurslarını öz maraqları naminə istismar etməklə Enerji Xartiyası Müqavilənin çoxsaylı müddəalarını, eləcə də beynəlxalq hüququn digər prinsiplərini pozub, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini pozmaqla müşayiət olunan otuz illik işğal zamanı Azərbaycanı öz enerji ehtiyatlarını inkişaf etdirmək hüququndan məhrum edib.

Qeyd olunub ki, sözügedən arbitraj işi Bern Konvensiyasına əsasən, Ermənistanın onilliklər ərzində Azərbaycanın enerji resurslarını faktiki olaraq oğurlamasından sonra ədaləti bərpa etmək cəhdidir. Bu, azərbaycanlı etirazçıların Laçın dəhlizini tərk etməkdən imtina etmələrinin əsas səbəblərindən biridir, çünki sərvətlər ekoloji təhlükəsizliyə riayət etmədən qəsb olunur və faktiki olaraq müharibə cinayətləri, eyni zamanda, insanlıq əleyhinə cinayətləri törədənlərə satılır.

İsrailli politoloq təəssüflə bildirib ki, Almaniyanın xarici işlər naziri kimi bəzi şəxslər Ermənistanın bu münaqişədə təcavüzkar olduğunu anlamaqdan imtina edirlər. Onlar Azərbaycanı Laçın dəhlizi boyu etiraz aksiyası keçirməkdə və nəqliyyatın qarşısını almaqda ittiham edir, bunu “humanitar fəlakət”, hətta “soyqırımı” adlandırırlar. A.Kara Holokostdan qurtulanlarla yanaşı böyümüş birisi kimi sözügedən etirazların bu formada qələmə verilməsini ciddi təhqir hesab edib.

Teqlər: