Kapitulyasiyanın Ağdamdan başlayan icra mərhələsi

İkinci Qarabağ müharibəsinin davam etdiyi 44 günün hər günü və hər saatı xalq olaraq tariximizə qızıl hərflərlə yazıldı. Ancaq çox nadir müharibələrdə olduğu kimi, ikinci Qarabağ müharibəsində də Azərbaycanın tam qələbəsini və işğalçı düşmənin isə kapitulyasiyasını təsdiq edən amillər oldu. Qalib ordumuzun müzəffər Ali Baş Komandanı tərəfindən artıq itkilərin qarşısını almaqla yanaşı, bu ərazilərin də bizə məxsus olduğunu təsdiq edəcək çağırışları gec də olsa eşidildi. Daha doğrusu eşidilməyə məcbur edildi. İlhaq edilmiş bütün ərazilərimizi əlin ovucu kimi görməyə imkan verən Şuşa qalası azad ediləndən sonra düşmən silahını yerə atdı və təslim oldu. Bir çoxları bu təslimçiliyin qəbul edilməsinin və kapitulyasiya aktının imzalamasının mahiyyətinə o qədər də varmır. Təbii ki, bir tərəfdən bir güllə belə atılmadan və itkiyə məruz qalmadan hələ ki, işğal altında olan üç böyük rayonumuzun azad ediləcəyi bütün xalqımız və gözü yolda olan hərbçi ailələrimiz üçün ən böyük xoşbəxtlik idi.

Tam bir il öncə, 20 noyabrda Ağdamla başlayacaq və ümumilikdə işğa altında olan ərazilərimizin 6 min kvadrat kilometrdən çoxu silahsız boşaldılacaqdı. Hər qarışı vəhşilər tərəfindən minalanan Ağdam, coğrafi relyefinin mürəkkəbliyinə görə isə ən çətin rayonlarımız olan Kəlbəcər və Laçın. Bu döyüş meydanında tam qələbəmizi təsdiqləməklə yanaşı, müharibədən sonra başlayacaq siyasi və diplomatik üstünlüyümüzün təməlini qoyan amil idi. Bu həm də, 30 ilə yaxın həmin əraziləri işğal edən, özünə və mahiyyətinə uyğun hazırki xarabazarlığa çevirməklə özününkü olduğunu iddia edən düşmənə qarşı beynəlxalq hüquqi müstəvidə istifadə edəcəyimiz ən əsaslı və mötəbər sübutlardan olacaqdı. Çünki bizim mübarizəmizi bir tərəfli deyil, həm döyüş meydanında, həm siyasi və diplomatik masada, həm də hüquqi müstəvidə aparmaq və hər istiqamətdə tam qələbəmizi təmin etmək qətiyyətimiz ortada idi. Elə 29 il əvvəl həmin 20 noyabr tarixində Azərbaycan dövlətinin ən yüksək postlarında təmsil olunanları da qətlə yetirməklə Qarakənd faciəsini törədənlərdən qisası da ən yaxşı halda onu törədənləri Ağdamdan bu şəkildə qovmaqla almaq olardı. Özünün qalib və qorxmaz olduğunu iddia edən düşmənin əslində nə qədər miskin və qorxaq olduğunu sübut etməklə.

20 noyabr 2020-ci il xalqımızın mübarizə tarixində düşmənə kapitulyasiyanı icra etdirmək mərhələsinin başlanğıcı hesab edilir. Zamanında Qarakənd faciəsi ilə qan yaddışımıza yazılan 20 noyabr, artıq düşmən üçün qara günlərin sayılmasının əsasını qoymuş oldu. Mübarizəmiz və qələbələrimiz hələ bitməyib. Biz dünya tarixində bəlkə də məkrlilikdə, hiyləgərlikdə və vəhşilikdə analoqu olmayan bir düşmənlə şanlı mübarizənin ən həssas mərhələsindəyik. Düşməni təslimçi atəşkəsə imza atdırsaq da, tam təslimçi sülhə imza atdırmamışıq. Buna da çox az zaman və ən əhəmiyyətli mərhələ qalıb. Ona görə də 8 noyabr, 20 noyabr, 25 noyabr və 1 dekabr kimi qürur dolu tarixlərimizin daha çox olmasına görə bu tarixlər üçün birləşdiyimizdən daha sıx birləşməli və daha bütöv olmalıyıq. Döyüş meydanında silinməz iz buraxan o qalib əlin dəmir yumruğunun davamı kimi, siyasi, diplomatik və hüquqi meydanda da gərgin mübarizə aparan ikinci yumurğunun da dəmir kimi olması üçün daha çox güc sərf etməliyik. Tanrı Azərbaycanı qorusun!

Xəyal Bəşirov
Siyasi və Hüquqi Strateji Araşdırmalar mərkəzinin rəhbəri, siyasi şərhçi

Teqlər: