Kapital Bank adı ilə “250 manatlıq hədiyyə” tələsi

Kapital Bank adı ilə “250 manatlıq hədiyyə” tələsi

Kapital Bankdan 250 manat hədiyyə qazanmaq təklifi ilə bağlı yayılan xəbərlər saxtadır. Sözügedən video dələduzluq halıdır. Videoda istinad edilən Teleqram səhifəsi Kapital Bankın rəsmi səhifəsi deyil. Bunu loqodan da görmək mümkündür.

Bu sözləri AzerTimes-a açıqlamasında Kapital Bankın İctimaiyyətlə əlaqələr üzrə rəsmisi Arzu Əliyeva deyib.

“Təəssüf ki, kiberdələduzlar hər keçən gün şəxsi məlumatları ələ keçirmək üçün yeni üsullara əl atırlar. Müştərilərimizə bir daha bildirmək istəyirik ki, yalnız Kapitalbank.az saytında və bankımızın təsdiq olunan rəsmi sosial şəbəkə hesablarında paylaşılan məlumatlara güvənsinlər. Müştərilərimizi belə kiberhücumlardan qorumaq məqsədilə daim xüsusi təhlükəsizlik tədbirləri həyata keçiririk. Bununla belə tam təhlükəsizlik üçün birlikdə addımlamaq zəruridir. Bunun üçün müştərilərimizdən etibarlılığı şübhə yaradan mobil tətbiqlərdən istifadə edərkən diqqətli olmalarını, şəxsi məlumatlarını, istifadə etdikləri kartı üçüncü şəxslərə verməməyi, kartın üzərində olan CVV kodu – yəni 3 rəqəmli kodu, sms vasitəsilə gələn 3D qoruma kodunu, şəxsiyyət vəsiqəsinin fin kodunu heç kimlə bölüşməməyi, Kapital Bank adına hazırlanan qeyri-peşəkar videolara və reklam mətnlərinə inanmamağı xahiş edirik”, – o bildirib.

Qeyd edək ki, Tiktok platformasında yayılan sözügedən videoda saxta Teleqram hesabı göstərilərək link verilir və linkə daxil olacağı tədqirdə vətəndaşların 250 manat hədiyyə qazanacağı iddia olunur.

Teqlər: