Kanadadakı Azərbaycan diasporu ölkə rəsmiləri ilə görüşlərini davam etdirir (FOTO)

Kanada Azərbaycanlılar Şəbəkəsinin (KAŞ) İdarə Heyəti Kanada parlamentinin üzvləri və dövlət qurumları ilə görüşlərini davam etdirir.

Kanadalı Azərbaycanlılar Şəbəkəsindən AzerTimes-a bildirilib ki, Kanadanın Qadınlar, Sülh və Təhlükəsizlik məsələləri üzrə səfiri xanım Jaklin O’Nil və Kanada Yeni Demokrat Partiyasından parlament üzvü cənab Cek Herris ilə KAŞ üzvləri arasında görüşlər keçirilib.

Görüşlər zamanı Azərbaycan ərazilərinin otuz ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında olduğu qeyd edilmiş və bu ərazilərdən olan məcburi köçkünlərin bütün bu illər ərzində yaşadığı məhrumiyyətlər barəsində danışılıb. Ermənıistanın təxribatı səbəbindən başlanmış son müharibə nəticəsində Azərbaycan ordusunun ölkənin beynəlxalq tanınmış sərhədləri çərçivəsində hərbi əməliyyatlar apardığı və Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyi bildirilib.


Görüşlər əsnasında əslən Qarabağ bölgəsindən olan KAŞ üzvləri müharibənin onların həyatında buraxdığı izlər barəsində söhbət açmış və Azərbaycan xalqının işğaldan azad edilmiş torpaqlara qayıtmağı gözlədiklərini qeyd ediblər.

44 günlük müharibə müddətində Kanada siyasi dairələri ilə aktiv iş aparmış KAŞ Kanadanın Azərbaycan əsilli əhalisini narahat edən məsələlər barədə bu günədək Kanada parlamentinin üzvləri və senatorlar, əyalət parlamentinin üzvləri və yerli hökumət nümayəndələri ilə sıx təmasda olmuş və intensiv görüşlər keçirmişdir. KAŞ qarşıdan gələn müddət ərzində də bu işləri davam etdirmək və Azərbaycan icmasının fikirlərini Kanada siyasətçiləri və hökumət orqanlarına çatdırmaq niyyətindədir.

Teqlər: