Kanadada son 84 ilin ən yüksək temperaturu qeydə alınıb

Xəbər - Çingiz Səfərli -Trend:

Kanadanın qərb bölgəsini cənginə alan isti hava dalğası səbəbindən ölkədə son 84 ilin ən yüksək temperaturu qeydə alınıb.

Trend xəbər verir ki, Kanada Meteorologiya Xidmətinin açıqlamasına görə, ölkənin Britiş Kolumbiya əyalətində ötən gün 46,1 dərəcə istilik müşahidə edilib.

Anomal hava şəraiti səbəbindən əyalətdə restoran, pərakəndə ticarət mərkəzləri və bəzi məktəblər bağlanıb. Həmçinin koronavirus əleyhinə peyvənd vurdurulan klinikalar belə prosesi təxirə salıblar. Digər tərəfdən qar təbəqəsinin də gözləniləndən daha sürətlə əriməsi su səviyyəsinin yüksəlməsinə gətirib çıxarıb. Bu səbəbdən bir çox ev təxliyə edilib.

Qeyd edək ki, Kanada tarixində bundan əvvəlki rekord temperatur müsbət 45 dərəcə olmaqla 1937-ci ilin iyulunda Saskaçevan əyalətində qeydə alınıb.