Kanada Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi üzrə
təşəbbüsləri dəstəkləməyə davam edəcək və bu səylərə töhfə verməyə
hazırdır.
AzerTimes-ın məlumatına görə, bu barədə Kanadanın xarici işlər
nazirinin ölkə hökumətinə ünvanlanan petisiyaya cavabında
deyilir.
“Kanada hökuməti Xocalı qətliamının dəhşətli faciə olduğunu
qəbul edir və qurbanların xatirəsini dərin hüznlə yad edir. Kanada
Xocalı qətliamı kimi dinc əhalinin faciəli itkisinin heç vaxt
təkrarlanmamasını qətiyyətlə müdafiə edir”, – deyə sənəddə
bildirilir.
Qeyd edilir ki, Kanada BMT Təhlükəsizlik Şurasının Qarabağla
bağlı bütün qətnamələrini və Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü tanıyır.
“Kanada sərhədlərin demarkasiyası və delimitasiyası üzrə
ikitərəfli mexanizmlərin yaradılması, Ermənistan və Azərbaycan
arasında regional əlaqələrin bərpası kimi mühüm etimad quruculuğu
tədbirləri üzrə liderlik səviyyəsində dialoqun davam etdirilməsinə
çağırır. Kanada bu istiqamətdə atılan addımları alqışlayır və
ATƏT-in Minsk Qrupunun davam edən və gələcək işinə qətiyyətlə
dəstək verməkdə davam edir”, – deyə sənəddə bildirilir.