Mayın 11-də Kanada parlamentində Kanada-Azərbaycan Parlament
Dostluq Qrupunun iclası keçirilib.
AzerTimes xəbər verir ki, iclasda
Kanada ilə Azərbaycan arasında əlaqələrin hazırkı vəziyyəti və bu
əlaqələrin daha da inkişaf etdirilməsi barədə fikir mübadiləsi
aparılıb. Dostluq Qrupunun sədri, mühafizəkarlar partiyasında olan
deputat Filip Lourensin sədrliyi ilə təşkil edilən iclasda Kanada
Azərbaycanlıları Şəbəkəsinin (KAŞ) üzvləri də iştirak ediblər.
KAŞ-ın İcraçı direktoru Nigar Cəbiyeva Kanadadakı Azərbaycan
icmasının fəaliyyəti, icmanın Kanada siyasətçiləri və parlament
üzvləri ilə müntəzəm görüşləri, eləcə də Kanadada Azərbaycan
mədəniyyətinin və dilinin təbliğ edilməsi istiqamətində icma
üzvlərinin apardığı işlər barədə məlumat vermişdir. Daha sonra
2020-ci ilin Vətən Müharibəsindən sonra Azərbaycanda və Cənubi
Qafqazdakı vəziyyət, işğaldan azad edilmiş Azərbaycan ərazilərində
aparılan quruculuq işləri barədə danışılıb. Qeyd edilib ki,
Qarabağda vaxtilə azərbaycanlıların yaşadlığı bütün yaşayış
məntəqələri tamamilə dağıdıldığından və bölgədə çoxlu sayda
partlamamış sursatların və minaların olması səbəbindən öz
torpaqlarından məhrum olmuş 800 minədək Azərbaycan vətəndaşı hələ
də öz yurdlarına qayıda bilmir. KAŞ tərəfindən hazırlanmış,
işğaldan azad edilmiş ərazilərdə dağıntıları əks etdirən fotoalbom
Dostluq Qrupunun üzvlərinə təqdim edilib.
Dostluq Qrupunun sədri Filip Lourens Kanada Azərbaycanlılar
Şəbəkəsinə gördükləri aktiv və səmərəli fəaliyyətə görə təşəkkür
edib və Azərbaycan ilə Kanada arasında münasibətlərin inkişaf
etdirilməsi üçün birgə çalışmaq əzmində olduğunu bildirib.
Kanadalı Azərbaycanlılar Şəbəkəsi Kanadada yaşayan
azərbaycanlıların Kanada cəmiyyətində və siyasi həyatında
maraqlarının təmsil edilməsi məqsədi ilə bir sıra icma təşkilatları
və fərdlər tərəfindən yaradılmışdır. KAŞ tam olaraq Kanadanın
azərbaycanlı icmasının dəstəyi ilə fəaliyyət göstərir. ####
https://twitter.com/azcanet/status/1524524715171143680
————————-
Əlaqə üçün: [email protected]
Facebook: www.facebook.com/azcanet
Twitter: www.twitter.com/azcanet