Ceyhun Bayramov Tacikistanın xarici işlər naziri ilə görüşüb (FOTO)

12 may 2022-ci il tarixində MDB Xarici İşlər Nazirləri Şurasının
Düşənbə şəhərində keçirilən iclasında iştirakı çərçivəsində
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov
Tacikistan Respublikası xarici işlər naziri Sirociddin Muhriddin
ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Tacikistan xarici işlər naziri, Azərbaycan ilə münasibətlərin
inkişafına əhəmiyyət verildiyini və ikitərəfli əlaqələrin
möhkəmləndirilməsi üçün addımların atıldığını qeyd edib. Bu
xüsusda, qarşılıqlı səfərlərin vacib rolunu qeyd edən nazir
Sirociddin Muhriddin Tacikistan Ali Məclisinin yuxarı palatasının
sədrinin bu yaxınlarda Azərbaycana etdiyi səfərə istinad edib.

Nazir Ceyhun Bayramov səmimi qarşılamaya və qonaqpərvərliyə görə
həmkarına təşəkkür edib. MDB Xarici İşlər Nazirləri Şurasının
iclasına ev sahibliyini yüksək səviyyədə təşkil etdiyinə görə qarşı
tərəfi təbrik edən Nazir Ceyhun Bayramov, bu iclasın üzv ölkələr
arasında gündəlikdəki çoxsaylı məsələlərin müzakirəsinə əlverişli
şərait yaratdığını söyləyib.

Nazir Ceyhun Bayramov, Azərbaycan və Tacikistan arasında siyasi
dialoqun yüksək səviyyədə olduğunu, ölkəmizin dost ölkə
Tacikistanla ikitərəfli əlaqələrin inkişafına dəyər verdiyini qeyd
edib.

Nazirlər, bu yaxınlarda iki ölkə arasında diplomatik
münasibətlərin qurulmasının 30 illiyinin qeyd ediləcəyi,
XİN-lərarası məsləhətləşmələrin davam etdirilməsi, habelə
iqtisadi-ticarət sahəsində əlaqələrin inkişafı perspektivləri, o
cümlədən Azərbaycan Respublikası və Tacikistan Respublikası
arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə
Hökumətlərarası Komissiyan növbəti iclasının keçirilməsi və digər
məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar
çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı məsələləri müzakirə
edilib.

Teqlər: