Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 53-cü iclasına qatılıb

Aprelin 7 və 8-də İtaliyanın Sirakuza şəhərində Beynəlxalq
Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 53-cü iclası
keçirilib.

Baş Prokurorluqdan AzerTimes-a bildirilib ki, hibrid formatda baş
tutmuş tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Baş prokuroru,
Assosiasiyanın vitse-prezidenti Kamran Əliyevin rəhbərlik etdiyi
nümayəndə heyəti təmsil edib.

Tədbirdə videokonfrans vasitəsilə iştirak edən Baş prokuror
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində prokurorluq
orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində
aparılmış hərtərəfli və institusional tədbirlər və əldə olunmuş
uğurlu nəticələr barədə ətraflı məlumat verib.
Görüşdə prokurorların fəaliyyətinin təkmilləşdirilməsinə dair bir
sıra təşkilati məsələlər, o cümlədən prokurorluq orqanları
əməkdaşlarının cinayətkarlığa qarşı mübarizə sahəsində biliklərinin
artırılması və formalaşmış əməkdaşlığın daha da genişləndirilməsi
məqsədilə Assosiasiyanın Qlobal Təhsil Akademiyası və Prokurorların
Mübadilə Proqramı kimi təşəbbüslərin gələcək perspektivləri və
onların inkişafı ilə bağlı təyin olunmuş büdcə məsələləri müzakirə
edilmiş, BPA-nın rəhbər vəzifələrinə seçkilər keçirilmiş, habelə
qurumun illik maliyyə hesabatları dinlənilmişdir.

Azərbaycanın Assosiasiyanın təsis olunduğu vaxtdan fəaliyyətinə
verdiyi töhfə və səmərəli əməkdaşlıq əlaqələri nəzərə alınaraq
ölkəmizin prokurorluq orqanlarından 1 nəfər əməkdaşın təşkilatın
Katibliyinə 1 il müddətinə ezam olunması müzakirə olunub.
Həmçinin tədbirdə əvvəlki iclaslarda ölkəmiz tərəfindən
dəstəklənmiş qurumun 10-cu Regional Konfransının 2023-cü ildə
İstanbul şəhərində, 2024-cü ildə baş tutacaq Assosiasiyanın Ümumi
yığıncağı və illik konfransının isə Bakı şəhərində keçirilməsi ilə
bağlı təşkilati məsələlər müzakirə edilib.

Tədbirdə iştirak etmək üçün İtaliyaya ezam olunmuş Baş
prokurorun müavini Heydər Məmmədov və prokurorluğun digər
əməkdaşları Sirakuza Beynəlxalq İnstitutunun rəhbərliyi, həmçinin
BPA-nın Katibliyi və İcraiyyə Komitəsinin üzvləri ilə görüşlər
keçirib, əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Teqlər: